Türkiyə millisinin sabiq baş məşqçisi Vinçenso Montella vəzifəsindən ayrıldıqdan sonra ölkəyə vida edib.

Metbuat.az xəbər verir ki, italiyalı mütəxəssis sosial media hesabında paylaşım edərək üç illik fəaliyyəti dövründə yaşadığı unudulmaz anlardan və əldə olunan uğurlardan söz açıb. Montella ona güvənən keçmiş Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşiyə və komandasına, futbolçulara, məşqçilər heyətinə, hazırkı federasiya rəhbərliyinə və azarkeşlərə təşəkkürünü bildirib. O, birlikdə tarixi uğurlara imza atdıqlarını, çətinliklərin öhdəsindən gəldiklərini və Türkiyə futbolunda xüsusi bir hekayə yazdıqlarını vurğulayıb.

“Türk xalqının mənə hiss etdirdiyi səmimiyyəti hər zaman qəlbimdə daşıyacağam. Futbol yalnız nəticələrdən və kuboklardan ibarət deyil. Bir məşqçinin ölkədən ayrılarkən necə xatırlanması meydanda qazandığı uğurlar qədər önəmlidir. Türkiyə xalqının məni sevgi və hörmətlə xatırlayacağına ümid edirəm. Təşəkkürlər, Türkiyə. Qəlbimdə hər zaman çox xüsusi yerin olacaq”, - deyə Montella paylaşımında qeyd edib.