“Azərbaycan və İran xarici işlər nazirlərinin telefon söhbəti münasibətlərdəki vəziyyəti normallaşdırmayacaq”.
Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu açıqlamasında deyib. Politoloq bildirib ki, İranla gərginlik istəmədiyimiz halda Tehranla münasibətləri qırılma nöqtəsinə gətirib çıxardıb.
“Bu 30 ildə oxşar telefon danışıqlarının, qarşılıqlı səfərlərin, görüşlərin, “dost və qardaşlıq” fikirlərinin çox şahidi olmuşuq, hətta 1990-cı illərin sonlarında iki ölkənin təhlükəsizlik xidmətləri belə bir razılığa gəlmişdilər ki, bir-birimizə qarşı kəşfiyyat işləri aparılmasın. Nəticə bəllidir. Münasibətlərin gərginləşməsinə Tehran rəvac verib, münasibətlərin normallaşması üçün də birinci addımı qarşı tərəf atmalıdır. Birinci növbədə Zəngəzur dəhlizi əleyhinə daima səsləndirdikləri “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir” açıqlamalarına son verməli, Azərbaycan əleyhinə sərhəddə hərbi təlimlərdən imtina etməli, partlayışlarda “Azərbaycan izi” axtarmaqdan vaz keçməlidirlər. İranda qərar verən və Azərbaycana düşmən gözüylə baxan ali dini liderin ətrafı və SEPAH generallarıdır, prezident və xarici işlər naziri sadəcə verilən qərarların icraçılarıdırlar. Ona görə də İran xarici işlər naziri telefon söhbətində azərbaycanlı həmkarına verdiyi vədi yerinə yetirə bilməyəcək”.
Qeyd edək ki, 14 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. XİN-dən verilən məlumata görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər.
Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb. Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Gülbəniz Hüseynli / Metbuat.az