Məktubun şifrələri: Bakının YUNESKO-ya diplomatik etirazı –

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verilməsi məqsədilə YUNESKO-nun Baş direktoru Odri Azulaya məktub ünvanlayıb.

Məktubda Azərbaycanla YUNESKO arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin əhəmiyyəti və Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə və tarixi abidələrinə qarşı həyata keçirilmiş siyasət və vandallıq barədə məlumat verən Mehriban xanım Birinci vitse-prezident kimi siyasi proseslərə aktiv cəlb olunduğu və xüsusi rolu nəzərə alınaraq onun YUNESKO-nun xoşməramlı səfiri vəzifəsini yerinə yetirməsinin imkan xaricində olduğu vurğulanıb.

YUNESKO-ya diplomatik etiraz

Xanım Əliyevanın bu qərarı faktiki olaraq YUNESKO-nun Azərbaycana münasibətdə xüsusilə son illər sərgilədiyi ikili yanaşmaya diplomatik dillə etirazdır.

M.Əliyevanın xoşməramlı səfir kimi 18 illik fəaliyyəti dövründə Azərbaycan-YUNESKO əlaqələri yüksək səviyyədə inkişaf edib. YUNESKO-nun dəyərlərinin təbliği istiqamətində M.Əliyevanın misilsiz xidmətləri var. Bir sıra ölkələrdə, habelə Vatikanda mədəni irsin qorunması istiqamətində xanım Mehriban Əliyeva hər zaman dəstək nümayiş etdirib. Lakin bütün bunlara baxmayaraq, YUNESKO tərəfindən Azərbaycanın çağırışlarına yetərincə qarşılıq verilməyib.

Məsələ ondadır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində tarixi-mədəni irsimiz açıq şəkildə məhv edilib və təhqir olunub. Bunu təsdiqləyən konkret sübutlar da mövcuddur. Mehriban xanım Əliyeva YUNESKO qarşısında bu məsələni dəfələrlə qaldırıb. Ölkəmizin mədəni sərvətlərinin dağıdılması və mənimsənilməsi kimi Ermənistanın cinayətləri barədə YUNESKO-ya mütəmadi olaraq məlumat verilib. Lakin bütün bunlara baxmayaraq, təəssüflər olsun ki, son 30 ildə Azərbaycanın mədəni irsinə dəyən ziyanın qiymətləndirilməsi məqsədilə YUNESKO işğal olunmuş ərazilərə missiya göndərməyib.

YUNESKO-nun Azərbaycana qarşı göstərdiyi ikili standartları sübut edən bir digər fakt da 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərdə guya bəzi “erməni abidələri”nin dağıdılması barədə Ermənistanın əsassız iddialarına dərhal cavab vermələridir.

Rəsmi Bakının xoş məram nümayiş etdirərək missiyaya razılıq verməsinə baxmayaraq, YUNESKO səfərin təşkil olunacağı ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirmiş və yenə də missiya reallaşmamışdır.

Bu mənada demək olar ki, xanım Mehriban Əliyevanın bu qərarı faktiki olaraq YUNESKO-ya diplomatik dillə etirazdır.

Odri Azulay faktoru

YUNESKO-nun Azərbaycana qarşı birtərəfli mövqe sərgilənməsinin səbəbləri sırasında Fransa əsilli baş direktor Odri Azulay faktorunu da qeyd etmək lazımdır. Prinsip etibarilə 2005-ci ildə baş direktor olan Koiçiro Maatsura dövründə YUNESKO ən azından Azərbaycanın çağırışlarına reaksiya verir, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmamasını qeyd edirdi.

Yəni Koiçiro Maatsura tərəfindən sərgilənən bu və başqa qismən ədalətli mövqeyə, YUNESKO-nun prinsiplərinə hörmətə baxmayaraq, Odri Azulayın yanaşmalarının təməlində Fransanın ölkəmizə qarşı həyata keçirdiyi qarayaxma kampaniyası və Azərbaycana qarşı ziddiyyətli mövqeyin dayandığını demək olar.

YUNESKO-Azərbaycan münasibətləri necə olacaq?

Təşkilatın Azərbaycana qarşı sərgilədiyi qərəzli və ikili standartlara əsaslanan mövqeyinə rəğmən, rəsmi Bakı uzun illərdir YUNESKO ilə yaxından əməkdaşlıq edir. Bu mənada təşkilatla rəsmi Bakının münasibətlərinin bitməsi real deyil. Mehriban xanım Əliyevanın ünvanlandığı məktubda Azərbaycanın bundan sonra da YUNESKO-nun təməl prinsiplərini qoruyub saxlayacağının, təşkilatla əməkdaşlığın inkişafını təşviq edəcəyinin diqqətə çatdırılması da bunu deməyə əsas verir.

Lakin buna baxmayaraq, Azərbaycanın Birinci vitse-prezidentinin xoşməramlı səfir vəzifəsindən imtinasından itirən tərəf YUNESKO olacaq.

Politoloq Turan Rzayev / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR