“Həm Moskva, həm Vaşinqton, həm də Brüssel reallıqları anlayır və Bakının gücü ilə hesablaşırlar. Onlar bilirlər ki, Azərbaycan bundan sonra da özü öz maraqlarını təmin etmək iqtidarındadır”.

Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Kənan Novruzov deyib. Onun sözlərinə görə, Rəsmi Bakının qətiyyəti və konkret mövqeyi göz qabağındadır. Elə buna görə də üçüncü tərəflər tələsir, müxtəlif təşəbbüslərlə vasitəçilik rolunu öz üzərlərinə götürmək istəyirlər.

Rəsmi Bakının qətiyyəti göz qabağındadır:

Kənan Novruzov

“ABŞ dövlət katibinin çağırışı da bu kontekstdən qiymətləndirilməlidir. Lakin eyni ilə Moskva kimi, Vaşinqton da səmimi deyil. Əks halda ABŞ ötən otuz il ərzində, Minsk Qrupunun həmsədrlərindən biri kimi müsbət nəticəyə nail olardı. Amma biz bunu görmədik. Əksinə ABŞ digər vasitəçilər kimi daim prosesin uzanmasına çalışdı. Odur ki, indi də Ağ evdən səmimi səylər gözləməyə dəyməz. Bununla belə deməliyik ki, üçüncü güclərin mübarizəsi regionda yeni fürsətlər yaradır. Biz bu rəqabətdən öz xeyrimizə, maraqlarımızın təmin olunması istiqamətində istifadə edərək bilərik”.

Kənan Novruzov qeyd etdi ki, Azərbaycan artıq regional və beynəlxalq siyasi oyunçudur. Ermənistanla münasibətlərin normallaşmasında vasitəçi olmaq istəyən tərəflər bunu qəbul edirlər.

“Nə Moskva, nə də Vaşinqton Bakı ilə münasibətləri pisləşdirmək istəyir. Biz bundan istifadə edərək, onların İrəvana təzyiq göstərmələrini təmin edə bilərik. Bütün hallarda üçüncü güclərin vasitəçilik iddiaları nəticəsində regionda yaranmış xaotik vəziyyətdən yararlanmalıyıq. Buna baxmayaraq, balanslı siyasət davam etdirilməli və üçüncü tərəflərin proseslərə təsir imkanı minimum olmalıdır”- deyə K.Novruzov bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az