MaşaAllah olsun, şou-biznes aləmində toy-toya qarışıb. Nailə Mirməmmədli oğlu Cavidanı evləndirdi, Manaf Ağayev və Rəhman Rəhmanov isə qızlarını gəlin köçürdülər.

ANS PRESS-in məlumatına görə, tanınmış aktyor, əməkdar artist Rəhman Rəhmanov qızı Rəhilənin toy mərasimi 31 mayda paytaxtın şadlıq saraylarının birində baş tutub. Rəhilə və Orxanın toyunda yaxın qohumlar və dostlar iştirak edib.

Rəhman Rəhmənov bu gün ANS TV-nin “Günə Baxan” verilişində qonaq olub. Qızının toyundan ağız dolusu danışan aktyor hər kəsə öz razılığını bildirib.

Rəhman bəyin sözlərinə görə, məşhur sənətçilərin çoxu toya dəvət edilsə də, gəlməyiblər: "Bəzi tanınmış müğənnilərə zəng vurub xahiş etdim ki, gəlib balamın məclisində iştirak etsinlər, 1-2 mahnı oxusunlar. Gəlmədilər. Həmin gəlməyənlərə buradan böyük təşəkkürümü bildirirəm. Onlar gəlsəydilər, mənim oğlum Emilə oxumağa növbə çatmayacaqdı. Emil qəşəng toy aparır. Çox yaxşı toy keçdi, Allah hamının balasına qismət eləsin!".

Rəhman bəy təzə qohumlarından razılıq edib: "Çox yüksək səviyyəli bir ailə ilə qohum olmuşam. Yüksək səviyyəli deyəndə, birdən elə zənn edərsiz ki, qudam nazirdir. Xeyr, mənim qohumlarım mənəvi cəhətdən yüksək səviyyəlidirlər".

Elgiz Əkbər aktyoru qızının toyunda rəqs etməməsinə diqqət çəkib: “Siz toyda özünüzü əsl qız atası kimi apardınız, mən sizin oynadığınızı heç görmədim”.

"Azərbaycan xalqının milli adət - ənənələrindən irəli gəlir, bizim xalqın kişiləri ağır təbiətli olurlar" - deyə, aktyor onun bu fikirlərinə münasibət bildirib.