Türk kinosunun əfsanəvi aktyoru Kadir İnanırın vəfatından sonra geridə qoyduğu miras yenidən gündəmə gəlib. Ustad aktyorun ümumi mal varlığının təxminən 1 milyard TL (təxminən 50 milyon manat) olduğu bildirilir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İnanırın mirası ilə bağlı müzakirələr davam edərkən onun əkiz bacı-qardaşı Cevahir və Hüseyn Öndər açıqlama veriblər. Onlar miras tələb etmək üçün məhkəməyə müraciət etmədiklərini və bu məsələdə hüququn verəcəyi qərara hörmət edəcəklərini bildiriblər.

Məlumata görə, Kadir İnanırın sərvətinin əsas hissəsini təxminən 650 milyon TL dəyərində daşınmaz əmlak təşkil edir. Bundan başqa, aktyorun kolleksiyasında 25-dən çox lüks saatın olduğu, qızıl alışqan və üzüklərin də daxil olduğu şəxsi əşyaların ümumi dəyərinin təxminən 50 milyon TL təşkil etdiyi qeyd edilir.

İnanırın illər ərzində topladığı kolleksiyalar arasında ən diqqətçəkənlərdən biri isə qurbağa fiqurlarıdır. Aktyorun dünyanın müxtəlif ölkələrindən topladığı 3 mindən çox qurbağa fiqurunun ümumi dəyərinin təxminən 35 milyon TL olduğu bildirilir.

Miras məsələsi ilə bağlı İnanırın vəkili Bişar Abdi Alnıak daha əvvəl aktyorun bütün maddi və mənəvi mirasını, eləcə də müəllif hüquqlarını həyat yoldaşı Jülide Kuralın adına vəsiyyət etdiyini açıqlamışdı. Kuralın həyatda olmaması halında isə mirasın Türkiyə İnsan Hüquqları Vəqfi, Nesin Vəqfi və İnsan Haqları Dərnəyinə verilməsinin nəzərdə tutulduğu bildirilmişdi.

Kadir İnanırın vəsiyyətnaməsi ilə bağlı hüquqi proses isə davam edir.