Türkiyənin məşhur müğənnisi Ebru Gündeş konsert proqramını genişləndirir. Səkkiz illik fasilədən sonra yenidən ödənişli konsertlərə başlayan sənətçi 2026-cı ilin sonuna qədər İstanbulda 6 dəfə səhnəyə çıxacaq.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ebru Gündeşin əsas konsert marafonu isə 2027-ci ildə başlayacaq. Müğənni gələn ilin yanvarından dünya turnesinə çıxacaq. Üç qitəni əhatə edəcək turne çərçivəsində sənətçi 9 ölkənin 13 şəhərində konsert verəcək.

Gündeşin turne zamanı təxminən 100 min musiqisevərlə görüşməsi gözlənilir. Konsertlərin keçiriləcəyi şəhərlər və dəqiq tarixlər isə yaxın günlərdə açıqlanacaq.

Müğənninin səhnəyə çıxacağı ölkələr arasında ABŞ, İngiltərə, Niderland, Almaniya, İsveçrə, Avstriya, Rusiya, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri yer alır.

Qeyd edək ki, Ebru Gündeş 2025-ci il dekabrın 23-də “Volkswagen Arena”da konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb. Sənətçi ötən mövsüm ümumilikdə 8 konsert verib və onun çıxışlarına biletlər həftələr öncədən tükənib.