Aktrisa və realiti-şou ulduzu Kim Kardaşyanın 10 il əvvəl Parisdə məruz qaldığı silahlı soyğunla bağlı məhkəmə prosesi başa çatıb. 2016-cı ildə qaldığı otel otağında silahlı şəxslərin hücumuna məruz qalan erməniəsilli məşhurun milyonlarla dollar dəyərində zinət əşyaları oğurlanmışdı.

Metbuat.az xarici mediaya istiandən xəbər verir ki, Paris məhkəməsi Kardaşyanın hadisə ilə bağlı tələb etdiyi simvolik 1 avro məbləğində təzminatın ödənilməsinə qərar verib. Məlumata görə, bu məbləği məhz Kardaşyan özü tələb edib. O, maddi kompensasiyadan daha çox hadisənin hüquqi baxımdan tanınmasını və məsul şəxslərin cavab verməsini önəmli hesab etdiyini bildirib.

Hadisə 2016-cı ilin oktyabrında Paris Moda Həftəsi zamanı baş verib. Polis geyimində olan silahlı şəxslər Kardaşyanın qaldığı lüks otelə daxil olaraq onu plastik qandalla bağlayıb və milyonlarla dollar dəyərində zinət əşyalarını götürüblər.

Oğurlanan əşyalar arasında Kardaşyanın həmin vaxt həyat yoldaşı olan Kanye Vestin ona hədiyyə etdiyi, təxminən 4 milyon dollar dəyərində nişan üzüyü də olub. Ümumilikdə oğurlanan zinət əşyalarının dəyərinin təxminən 10 milyon dollar olduğu bildirilir. Nişan üzüyü isə bu günə qədər tapılmayıb.

Hadisə ilə bağlı məhkəmə prosesinin sonunda səkkiz nəfər təqsirli bilinib. Kardaşyan 1 avroluq təzminatın onun üçün əsas məqsəd olmadığını, qərarın yaşadığı hadisənin tanınması və məsuliyyət məsələsinin hüquqi müstəvidə təsdiqlənməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.