Finlandiyada turistlərin sayını artırmaq üçün olduqca fərqli üsula əl atılıb. Ölkənin Laplandiya bölgəsində meşədə təxminən 39 min manat dəyərində qızıl külçə gizlədilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, “Geceyarısı Günəşi Ovçuluğu” adlı kampaniya Visit Levi turizm qurumu tərəfindən həyata keçirilir. Məqsəd turistləri yalnız qış aylarında deyil, günəşin uzun müddət batmadığı yay mövsümündə də Laplandiyaya cəlb etməkdir.

Kampaniya çərçivəsində 23 min dollar dəyərində real qızıl külçə yürüş yolunun kənarında gizlədilib. Xəzinəni tapmaq istəyən iştirakçılara müəyyən aralıqlarla müxtəlif ipucları və tapmacalar təqdim olunur.

Qızılı axtaranlardan təbiətə zərər verməmələri tələb edilir. Torpağı qazmaq, ağaclara zərər vurmaq və şəxsi ərazilərə icazəsiz daxil olmaq qadağandır. Təşkilatçıların sözlərinə görə, külçəni tapmaq üçün ətraf mühitə zərər verəcək qazıntı aparmağa ehtiyac yoxdur.

Kampaniyada iştirak edənlər təbiət qoynunda yürüş və velosiped turlarına qatılır, eyni zamanda qiymətli mükafatı tapmaq üçün verilən ipuclarının ardınca gedirlər.