"Ankara-Bakı hərbi təlimləri İrana ciddi mesajdır" -

"Türkiyə Azərbaycan birgə hərbi təlimlərindən Tehran rejimi nəticə çıxarmalıdır".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert vurğulayıb ki, İranın Azərbaycana hərbi təhdidlərinə qarşı "Şuşa" deklarasiyasına uyğun olaraq Ankara-Bakı birgə geniş miqyaslı hərbi təlimləri İrana ciddi mesajdır.

"Bu təlimlərdən təkcə İran deyil, Rusiya da nəticə çıxarmalıdır. Çünki Qarabağda Rusiya sülhməramlı qüvvələrinin "fəaliyyəti" Azərbaycanın təhlükəsizliyini təhdid edir. Bu təlimləri NATO-Azərbaycan təlimləri kimi də xarakterizə etmək olar. Vaşinqton da bu təlimlərə dəstək verir. Azərbaycan Baş Qərargah rəisi bir neçə gün Pentaqonda görüşlər keçirdi. Təlimlər Azərbaycana ABŞ dəstəyinin yeni müstəvidə davam etdiyinə işarədir".

Politoloq qeyd etdi ki, Türkiyə və Azərbaycan birgə hərbi təlimləri ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.

"İranın Azərbaycana qarşı hərbi təhdidləri fonunda keçirilən bu təlimlərdən sonra Tehranın Zəngəzur dəhlizi ilə bağlı spekulyasiyalarına da cavabdır. Bu təlimlərdən sonra Türkiyə qoşunları müəyyən müddətdə Azərbaycanda qalacaq".

Qeyd edək ki, təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR