İranda baş verənlərin PƏRDƏ ARXASI:

“Son 43 il ərzində İran rejiminə qarşı bu qədər uzun sürən bir etiraz baş verməmişdi. İranın müxtəlif şəhərlərində 70 gündən çoxdur davam edən etirazlar sistemin içində böyük çatlaqlar yaradacaq qədər güclüdür”.

Bu fikirləri Metbuat.az-a özəl olaraq sosioloq, siyasi fəal Ural Hatəmi deyib. Müsahibimiz bildirdi ki, etirazlar nəticəsində İran ictimaiyyətində çox böyük dəyişikliklər başlayıb.

Ural Hatəmi

“Bu gün İranda rejimə kənardan baxan zaman görürük ki, sistemin içində olan hər kəsin canına qorxu düşüb. Bu etirazlar rejimin bünövrəsini sarsıdıb. Hakimiyyət daxilində olanlar bir-birini “yeməyə” başlayıblar. Rejimin çökməsi an məsələsidir. Bu bir ay ərzində də ola bilər, bir neçə il müddətinə qədər uzana da bilər. Əsas odur ki, prosesin düyməsi basılıb. Bu etirazlar sakitləşsə də, sistemin dağılması prosesinə təsir etməyəcəkdir”.

İranda əxlaq polisinin ləğv olunması ilə bağlı xəbərlərə münasibət bildirən Ural Hatəmi vurğuladı ki, bu xəbərlər yalandır.

İranda əxlaq polisinin ləğv olunmasına dair hər hansı qərarın bu günə qədər açıqlanmadığını deyən ekspertin sözlərinə görə, belə açıqlamaların edilməsinə səbəb dünya ictimaiyyətinin fikirlərini etirazlardan yayındırmaq məqsədi güdür.

“İrandakı hazırki rejiminin düşüncəsinə görə bu addımın atılması ilə etirazçıları küçələrdən xiyabanlardan uzaqlaşdırmaq olar. Amma biz İranın hazırki gündəminə baxdığımız zaman bu xəbərin heç bir şəkildə etirazçılara təsir etmədiyini yollarından, tələblərindən uzaqlaşdırmadığını görə bilərik. İran rejiminin ideologiyasına görə onlar hicab məsələsindən əsla geri addım atmazlar. İranda hicab məsələsinin həll olunmasının, qadınların bu qədər qara gündən qurtulmasının tək yolu var. O da İran İslam Respublikasının ləğv olunması, rejimin aradan qaldırılmasıdır. İranda hicab məsələsi sadəcə əxlaq polisinin məşğul olduğu bir məsələ deyil. Yəni əxlaq polisi hicab məsələsinin sadəcə kiçik bir təşkilatıdır. Əxlaq polisi sadəcə küçədə, xiyabanda gəzən qadınların geyiminə müdaxilə etmək üçün küçədə gəzən polisdir. İranda hicab məsələsi əxlaq polisinin qaldırılması ilə ləğvi ilə həll olacaq bir məsələ deyil. Çünki, İranda bütün qurumlarda qadınların başının şalına qarışırlar. Məsələn, İranda universitetə hicabsız girə bilməzsiniz, sizi qapıdan bir addım atmağınıza imkan verməyəcəklər. Bir sözlə İranda hicabla bağlı məsələnin tamamilə həll olunması üçün rejimin dəyişilməsi lazımdır”.

Qeyd edək ki, dekabrın 5-i gecə saatlarında Tehranın 12 bölgəsi və İranın 14 əyalətinin mərkəzində etiraz aksiyaları keçirilib və nümayişçilər hökumət leyhinə şüarlar səsləndiriblər.

Zəncan, Həmədan, İsfahan, Məşhəd, Ərak və başqa şəhərlərdə keçirilən etiraz aksiyaları zamanı hökumət qüvvələrinin şiddətli müdaxiəsi bir neçə yerdə qarşıdurmalara səbəb olub, onlarla etirazçı həbs edilib.

İran Prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda ölkənin 1979-cu ildə qəbul edilmiş konstitusiyasının bəzi maddələrinin dəyişdirilməsinin mümkünlüyünü bildirib.

“Əl Hadas” telekanalının məlumatına görə, Rəisi İranın Konstitusiya Günü münasibətilə dövlət televiziyasında çıxışı zamanı bildirib ki, konstitusiyanda heç bir çıxılmaz vəziyyət yoxdur:

“Onun təşkili, hazırlanması və yekunlaşdırılması konstitusiyanın həyata keçirilməsində, ölkənin işlərinin idarə olunmasında istənilən çıxılmaz vəziyyətlə üzləşəcək şəkildə həyata keçirilib. Zərurət yarandıqda konstitusiyanın tətbiqi, üsul və mexanizmləri mütləq dəyişdirilə və təkmilləşdirilə bilər”.

Xatırladaq ki, İranda iki aydan çoxdur ki, kütləvi etirazlar davam edir. Sentyabrın əvvəlində əxlaq polisinin hicab qaydalarını pozduğu iddiası ilə saxladığı 22 yaşlı Məhsa Əmininin üç gün sonra müəmmalı şəkildə vəfat etməsi ölkənin etiraz dalğasına bürünməsinə səbəb olub. İran hakimiyyəti bu etirazlara görə, "xarici qüvvələri" günahlandırıb və bildirib ki, etirazların qarşısı sərt şəkildə alınacaq. Onun ölümü ölkədə etirazlara təkan vermiş oldu, lakin eyni zamanda bu etiraz dalğası yoxsulluq, işsizlik, bərabərsizlik, ədalətsizlik və korrupsiya ilə bağlı narazılıqdan da qaynaqlanır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR