"Azərbaycan və Türkiyə ordularının inteqrasiyası labüddür" -

"Azərbaycan və Türkiyə ordularının inteqrasiyası və bir ordu olması yolunda fəaliyyətləri hər iki ordunun say və texniki baxımdan da qarşılıqlı olaraq artırılmasını labüd edir".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Azər Qasımov deyib. Onun sözlərinə görə, geosiyasi və regional məlum xırdalıqları yazmağa getmədən bilməliyik ki, bu, mütləqdir və hər iki ordu öz strukturlarını qarşılıqlı fəaliyyət üzərində qurmalıdır.

Azər Qasımov

"Orduların potensialı bir-birinə dəstək üzərində təşkil olunmalı, hərbi təchizat buna görə ayarlanmalı, ehtiyac halında eyni vaxtda bir neçə cəbhədə əməliyyat aparmağa hesablanmalıdır. Fikrimcə, Türkiyə və Azərbaycan ərazilərində bu məqsədlə ayrı-ayrılıqda əlavə bir ordu birləşməsi də formalaşdırmaq lazımdır. Bu ordu birləşmələrində hər iki ölkənin əsgər və zabitləri eyni vaxtda birlikdə qarışıq olaraq hərbi xidmət keçməlidir. Bunun çağırışçı və ya professional əsgərlər olmasınıa isə tərəflər qərar verməlidir. Hərbi texnika baxımından ortaq istehsal artırılmalı və ordunun təchizatı daha çox buna köklənməlidir. Tədricən bu praktikanı digər Türk Dövlətləri Təşkilatı ölkələrinə də yaymaq lazımdır, hətta mümkünsə birlikdə eyni vaxtda başlanmalıdır".

Azər Qasımov qeyd etdi ki, bununla yanaşı ideoloji işin aparılması prosesi də sürətlənməlidir.

"Ortaq televiziya kanalının açılması məsələsi gündəmə gəlməlidir. Cənubi Azərbaycan məsələsi dövlətlər səviyyəsində qarşılıqlı təbliğ olunmalıdır. Artıq hər kəs öz tərəfini seçib və bundan sonra İranla münasibətlərin düzəlməsi mümkün olmayacaq. Proses sona kimi davam etməlidir".

Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Türkiyə və Azərbaycanın birgə "Qardaş Yumuruğu" hərbi təlimləri Tehrandakı isti başlara soyuq duş effekti verdi. Analitik deyir ki, bundan sonra Azərbaycana qarşı hər hansı bir "əzələ' nümayişində qarşısında "Qardaş Yumuruğunu" görəcək.

Məhəmməd Əsədullazadə

"Tehran rejiminin Azərbaycanla bağlı strateji xəttində müsbətə doğru dəyişikliklər gözlənilmir. Proseslər iki ölkə səfirliklərinin geri çağırılması ilə nəticələnə bilər. Rusiya da bu təlimlərdən dərs çıxaracaq. Laçın dəhlizində Azərbaycanın Rusiya sülhməramlı qüvvələri ilə birgə gömrük postunun qoyulması Kreml tərəfindən qəbul edilməyib. Qeyd edim ki, Türkiyə və Azərbaycan birgə ordu birləşməsi yaradılması labüddür. Bu birlik ölkəmizə qarşı siyasi və hərbi təzyiqləri neytrallaşdıracaq baxımından xüsusi əhəmiyyət kəsb edir".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR