“Azercell Telekom” barəsində iş qaldırıldı -

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırmalar zamanı abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı mobil xidmətlər bazarında hökmran mövqeyə malik “Azercell Telekom” MMC ilə tərəfdaşı olan “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib və nəticədə hər iki müəssisə barədə iş qaldırılıb.

Metbuat.az-a bu barədə Dövlət Xidmətindən məlumat verilib.

İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. “Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.

Bununla yanaşı, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyən edilib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib. “Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR