2 ildən çoxdur ki işləmir-

Tez-tez şəhərdən rayona və ya əks istiqamətdə hərəkət zamanı yollarda baş verən qəzalardan sonra gündəmə gələn mövzulardan biri də ölkədaxili qatarların fəaliyyətinin dayandırılmasıdır.

Pandemiya səbəbindən 2 ildən çoxdur ki, ölkə daxilində qatarlar hərəkət etmir. Rayonlara üz tutmaq istəyənlər isə məcburi şəkildə avtobuslardan, mikroavtobuslardan, avtomobillərdən istifadə edir.

Bundan əlavə qatarla hərəkət həm də vətəndaşlar üçün daha təhlükəsiz və rahatdır. Rayonlara üz tutmaq istəyən vətəndaşlar Bakı Beynəlxalq Avtovağzalından hərəkət etmək istəsə də, burada onlar müəyyən çətinliklərlə - sərnişin sıxlığı, rayonlara və əks istiqamətdə sərnişin daşıyan sürücülərin qiymət "bazarı" ilə qarşılaşırlar.

Tədrisin davam etməsi ilə tələbələrin rayonlara gediş-gəlişi, yaxınlaşan bayram günlərini nəzərə alsaq, qatarların fəaliyyətinin bərpası üçün zəruri zamanın yarandığını da görərik.

Hazırda isə sadəcə Bakı-Gəncə-Bakı istiqaməti üzrə qatarlar hərəkət edir.

Bəs digər rayonlara səfər üçün qatarların hərəkəti nəyə görə hələ də bərpa edilmir?

Suallara cavab tapmaq üçün Azərbaycan Dəmir Yollarına müraciət etdik. Qurumdan Metbuat.az-a bildirildi ki, bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək: "İnfrastruktur hazırda nəyə imkan verir, hansı fəaliyyət planı nəzərdə tutulub - bütün bunlar barəsində ətraflı məlumat veriləcək", - deyə bildirildi.

Qeyd edək ki, ADY may ayında qatarların hərəkəti ilə bağlı bəzi işlərin getdiyini açıqlamışdı: "Martın 19-dan etibarən Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunub. Bakı-Böyük Kəsik xəttində, o cümlədən xəttin Ucar-Gəncə hissəsində elektrik təchizatı sisteminin 3 kV sabit cərəyandan 25 kV dəyişən cərəyana keçirilməsi istiqamətində işlər aparılıb. Bakı-Gəncə qatarının hərəkətinin bərpa edilməsi Ucar-Gəncə hissəsində işlərin bitməsindən sonra mümkün olub. Bugünədək Bakı-Böyük Kəsik xəttinin yalnız Ucar-Böyük Kəsik hissəsi dəyişən cərəyana keçirilib. Ucar-Bakı hissəsində də analoji işlərin aparılmasına başlanılıb".

Həmçinin bildirilib ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin balansında hər biri 4 vaqondan ibarət 9 elektrik qatarı var, daha 10 qatar da sifariş verilib: "Bu qatarlardan 7 ədədi Abşeron dairəvi dəmir yolu istiqamətində fəaliyyətdədir. 1 qatar Bakı-Gəncə istiqamətində işləyir. Digər qatar isə həm Bakı-Sumqayıt, həm də Bakı-Gəncə reyslərini həyata keçirir. ADY vaqon parkını genişləndirmək məqsədilə daha 10 qatar sifariş verib. Bu qatarların 2023-cü ilin sonu, 2024-cü ilin əvvəli ölkəyə gətirilməsi planlaşdırılır. Həmin qatarların ölkədaxili istiqamətdə, həmçinin Bakı-Qəbələ xətti üzrə istifadəyə verilməsi nəzərdə tutulur".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR