İran Azərbaycanın təhlükəsizliyi üçün təhdid sayıla bilərmi? -

Son aylarda qonşu İran İslam Respublikasından ölkəmizə qarşı başladılan “soyuq müharibə” nəticəsində gördük ki, illərdir xalqımıza qarşı qeyri-səmimi münasibət bəsləyən rəsmi Tehran 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qalibiyyəti ilə barışmır və bölgədə pozuculuq fəaliyyətləri ilə məşğuldur.

Bəs İranın teokratik hökuməti Azərbaycanın təhlükəsizliyi üçün təhdid sayıla bilərmi?

Bir çoxlarını maraqlandıran suala Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov cavab verib. Ekspert Metbuat.az-a açıqlamasında bildirdi ki, Ermənistana himayədarlıq edən İranın son davranışları Azərbaycanla münasibətlərə kölgə salır.

İlyas Hüseynov: Milli həmrəylik və birlik Azərbaycanı bütün dünyanı bürüyən koronavirus sınağından da uğurla çıxmasının başlıca şərtidir

İlyas Hüseynov

“İranın Azərbaycana qarşı hibrid müharibə kontekstində həmlələri zaman-zaman geniş vüsət alır. İranın kütləvi informasiya vasitələrində Qarabağın heç zaman Azərbaycanın tərkibində deyil, Ermənistana aid olması ilə bağlı təxribatçı süjetlər də təəssüf doğurur və İran Azərbaycan münasibətlərinə ciddi təsir edir. Rəsmi Tehranın icazəsi ilə İran televiziyaları və mətbuatında bu cür təxribatçı süjetlər efirə gedir və bu da İran Azərbaycan münasibətlərini korlayır. Digər tərəfdən, hibrid müharibə fonunda terror aktları ilə bağlı da bəzi iddialar genişlənməkdədir. Hətta rusiyalı ekspertlər Azərbaycanda olan separatçı rejimə tövsiyə edirlər ki, Sepahla əlaqələr formalaşdırsınlar və İran tərəfi separatçıları silahlandırsın”.

İlyas Hüseynov xüsusilə xatırlatdı ki, bu yaxınlarda rus sülhməramlılar tərəfindən İrandan Laçın yolu vasitəsilə Qarabağ ərazisinə buraxılan 14 nəfərlik diversiya qrupunun belə əsas məqsədi İran istehsalı olan silahların separatçılara öyrədilməsi, təlimlərin keçirilməsi və İrana aid olan silahlara dair vərdişlərin aşılanması mahiyyətini daşıyırdı. Politoloq hesab edir ki, hazırda soyuq müharibə dövrünü yaşayan Azərbaycan-İran münasibətlərinin hansısa bir formada istiləşməyə keçməməsi üçün Azərbaycan müvafiq tədbirlərini həyata keçirməlidir.

“Ölkəmizə qarşı çox məkrli planların icraçısı qismində iştirak edən şəxslərin də Azərbaycana Dövlət Təhlükəsizlik Xidmətinin köməkliyi ilə ekstradisiyası baş vermişdir. Azərbaycan tərəfi burada siyasi iradə, güc və qətiyyət nümayiş etdirir. Təbii ki, ölkəmizə qarşı uzanan əllər və təhlükəsizliyimizə təhdid törədən amillər hər zaman preventiv tədbirlərlə qarşılanacaq və bundan sonra da təhlükəsizliyimizin gücləndirilməsi istiqamətində effektiv işlər həyata keçiriləcəkdir”.

Politoloq Məhəmməd Əsədullazadə isə düşünür ki, İranın Avropaya nəfəsliyini Azərbaycan və Türkiyə kəsməlidir.

Məhəmməd Əsədullazadə

“İran süni sərhədlə qonşu edilən Ermənistanla təkcə normal münasibətləri var. Zəngəzur dəhlizini açıb İranı bundan da məhrum etməliyik. Qarabağda Azərbaycan əleyhinə iş aparan terrorçu qruplara İran dəstək verir. İsrail və ABŞ növbəti aylarda İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Yaxın Şərqdə və bizim regionumuzda sülhün və təhlükəsizliyin təməli qoyulacaq", - deyə politoloq şərhini tamamlayıb.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR