Əhalinin 34 faizi qiymət artımına görə sahibkarı günahlandırır -

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Sosial Tədqiqatlar Mərkəzi vətəndaşların son bir ildə qarşılaşdıqları qiymət artımlarının səbəbləri ilə bağlı mövqelərini öyrənmək üçün növbəti blitz sorğu keçirib. Sözügedən sorğu çərçivəsində respondentlərə “Sizcə, qiymət artımının səbəbləri nələrdir?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.

Qiymət artımlarının əsas səbəblərindən bir kimi süni qiymət artımını ön plana çıxaran 34.3%-lik respondent seqmentinin 25.6%-ni dövlət sektorunda çalışanlar təşkil etdiyi halda 20.3%-ni təqaüdçülər təşkil edib.

Metbuat.az xəbər verir ki, bu sorğunu təhlil edən iqtisadçı-ekspert Eldəniz Əmirov açıqlamasında bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğunun nəticələrinin ölkədə qiymət artımlarının gerçək səbəbləri üst-üstə düşmədiyi qənaətindədir.

Dünyadakı ərzaq böhranı Azərbaycanda hansı iqtisadi fəsadlar yarada bilər?

Eldəniz Əmirov

Əslində infilyasiyanın elmi əsaslarla təsbit edilən səbəbləri və vətəndaşların düşüncələri arasında fərqliliyin olması tam təbiidir. Çünki, sadə vətəndaş iqtisadi konyukturanı təhlil edəcək iqtisadi biliklərə malik olmaya bilər və o buna borclu da deyil. O sadəcə düşüncəsini ifadə edir. Amma sorğu nəticəsində maraqlı bir məqam ortaya çıxır. Vətəndaşların inhisarçılığa qarşı kəskin mövqeyi var, onların az qala yarısı bunu açıq ifadə edir. Çünki, onların 34,3%-i sahibkarların və satıcıların süni qiymət artırmasından, 11,6%-i isə rəqabətdən şikayət edir. Əslində həm süni qiymət artımı, həm də rəqabət problemləri ikisi də bir-birindən ayırmaz faktorlardır. Rəqabət olan yerdə süni qiymət artımını kimsə edə bilməz. Süni qiymət artımı varsa, deməli ciddi rəqabət problemi var. Odur ki, bu sorğu onu göstərir ki, insanların 45,9%-i inhisarçı davranışlardan narazıdır. Yeri gəlmişkən hətta qiymət artımlarında adi satıcıların da ən çox günahlandırılanlar içində olması verilən cavabların infilyasiyanın əsl səbəblərindən çox uzaq olduğunu göstərir.

Bəs hazırkı vəziyyətdə infilyasiyanı yaradan əsl səbəbləri nədir? Bu sualımıza cavab olaraq Eldəniz Əmirov qeyd etdi ki, Covid19-la başlamış və müharibə ilə güclənmiş iqtisadi böhran nəyinki Azərbaycanın bütün dünyanın iqtisadi immunitetinə uyğun təsir göstərib.

İkinci səbəb Azərbaycanın idxaldan asılılığının çox olmasıdır. Bunu cənab Prezident İlham Əliyev də bir neçə gün əvvəl müsahibəsində söylədi. İdxal məhsullarının istehsal olunduğu ölkələrdə maya dəyərinin artması onun ölkəmizə idxalı zamanı da qiymətlərin artmasını qaçılmaz edir. Üçüncü səbəb isə bəli sorğuda insanların birinci göstərdiyi səbəbdir (amma satıcı faktorunu çıxmaq şərtilə). Belə ki, insanların süni qiymət artımı dediyi, əslində isə rəqabətin lazımı səviyyədə olmaması səbəbindən mal və xidmətlərin qiymətinin bu malı və xidməti təklif edənlər tərəfindən şişirdilməsidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR