"Bu gün İranda başlayan və hələ də davam edən etiraz aksiyalarının 4 ayı tamam olur. Şübhəsiz ki, bu müddət ərzində Tehran rejmi daxilində ciddi silkələnmələrin olduğunu və teokratik rejimindən bəzi çatlaq səsləri çıxdığını hiss etməkdəyik. İşin maraqlı tərəfi isə ondan ibarətdir ki, bu 4 aylıq müddətdə Tehran tərəfi həm köhnə məmurları, həm də indiki məmurları mütəmadi şəkildə günahlandırmağa çalışdı".
Bu fikirləri Metbuat.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi”nin sədri, politoloq Samir Hümbətov deyib. Müsahibimiz bildirdi ki, vəziyyət o yerə çatıb ki, Tehran rejmi uzun illər ona xidmət etmiş şəxsləri belə ölüm hökmünə məhkum etməkdən çəkinmədi.
Samir Hümbətov
"Rejimi iki əllə qorumağa çalışan məhkəmə 1997-2005-ci illərdə, yəni eks-prezident Məhəmməd Xatəminin prezidentliyi dönəmində müdafiə nazirinin müavini işləmiş Əlirza Əkbəri haqqında ölüm hökmü verib. İrana məxsus "İSNA" agentliyi məlumat paylaşıb ki, Əlirza Əkbəri Böyük Britaniyanın xeyrinə casusluqda ittiham olunaraq ölüm hökmünə məhkum edilib. İranın Kəşfiyyat Nazirliyi iddia edir ki, edam edilən Əlirza Əkbəri İngiltərənin Mİ6 kəşfiyyat xidməti ilə sıx əməkdaşlıq edib və İranla bağlı mühüm məlumatları xaricə köçürmək üçün toplayan ən mühüm agentlərindən biri olub. Məsələyə İran Kəşfiyyat Nazirliyinin iddiası və məntiqi ilə yanaşsaq, onda belə anlamaq olar ki, Əlirza Əkbəri nazir müavini olduğu 1997-2005-ci illərdə mühüm postu tutduğu zaman, dövlət əhəmiyyətli məlumatları İngiltərənin Mİ6 kəşfiyyatına ötürüb. Nəzərə alsaq ki, həmin dövrdə Əli Şamxani İran Müdafiə Naziri, Əlirza Əkbəri isə onun müavini olub, o zaman burada iki versiya ortaya çıxmış olur. Birincisi odur ki, Əli Şamxani rəhbərlik etdiyi qrumunda ikinci şəxsin cəsus olmasından xəbərsiz olub ki, bu da ciddi nöqsandır və Əlirza Əkbərinin aqibəti onu da gözləməli idi, ikincisi isə Əli Şəmxani Əlirza Əkbərinin cəsus olduğunu bilib və buna göz yumub ki, bu da yenə onu həmin cinayətlərə ortaq etmiş olur".
Samir Hümbətov hesab edir ki, hər iki halda Əli Şamxani də Əlirza Əkbəri qədər bu işlərdə məhsuliyyət daşıdığını demək mümkündür. Hazırda gördüyümüz mənzərəni şərh edən Samir Hümbətov qeyd etdi ki, Əli Şamxani admiral rütbəsində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin xüsusi nümayəndəsi və İran ali təhlükəsizlik şurasının katibidir.
"Buradan belə qənaətə gəlmək olar ki, Əlirza Əkbərinin edam edilməsi də həm də hakimiyyətdaxili intriqanın nəticəsi kimi də ortaya çıxmış olsun. Əlireza Əkbərin İngiltərə vətəndaşı olması ilə bağlı iddiaların bir neçə qaynağı var ki, həmin qaynaqlar sırasında "BBC"nin yaydığı məlumat, Əlirza Əkbərin 2005-2020-ci illərdə, yəni vəzifədən getdikdən sonra İngiltərədə yaşaması və İngiltərə XİN İranın Londondakı səfirini nazirliyə çağırması və ona nota təqdim etməsi və s. göstərə bilərik. Hətta bəzi məlumatlara əsasən, Əlirza Əkbəri edam edilmədən öncə Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib, amma sonra girov qarşılığında sərbəst buraxılıb. Nəhayət, İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib və ona qarşı cəsusluq ittihamını irəli sürüb və edam edilib".
Tehran rejminin belə hərəkətləri qarşısında sual ortaya çıxır ki, 1979-cu il İslam İnqilabını dəstəkləyən və nəticəyə çatdıran İngiltərənin Mİ6 kəşfiyyatı olduğu, Qərb dövlətləri ilə ən gərgin vəziyyətində belə İngiltərə ilə əlaqələri kəsməyən Tehran rejmi indi cəsus axtarışına çıxmasının əsl səbəbi nədir?
"Əgər rejim daxilində müdafiə nazirinin müavini səviyyəsində cəsus varsa, demək digər orqanların da daxilində cəsus şəbəkəsinin olması ehtimalı şübhəsizdir. Əlbəttə qarşıdakı dövrdə baş verən hadisələr fonunda bu mövzunun hansı nəticəyə gəlib çatacağını daha yaxşı təxmin edə biləcəyik" - deyə Samir Hümbətov fikrini yekunlaşdırıb.
Məlumat üçün bildirək ki, 2019-cu ildə həbs edilən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bir neçə gün əvvəl edam olunub. Qərb ölkələri Britaniya və İran vətəndaşı olan Əkbərinin edam edilməsinə sərt reaksiya göstərib, İranın müxtəlif Avropa ölkələrindəki səfirlərinə etiraz bildirilib.Böyük Britaniya İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Britaniyanın baş naziri Rişi Sunak edamı “barbar rejim tərəfindən həyata keçirilən cəsarətsiz və qorxaq hərəkət” adlandırıb.
Gülbəniz Hüseynli / Metbuat.az