Xəbər verdiyimiz kimi, Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Baş verən hadisə barədə açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib ki, bu terror hərəkətlərinin arxasında məhz birbaşa Tehranın molla rejmi dayanır.

"Hər kəsə aydındır ki, molla rejmi nəinki beynəlxalq hüququ pozur, hətta öz ərazisində olan digər ölkələrin vətəndaşların təhlükəsizliyini qorumaq əvəzinə onlara qarşı terror hərəkətləri edir. Gözləniləndir ki, Azərbaycan tərəfi İrandan ən qısa zamanda bu məsələ ilə bağlı izahat tələb etməklə yanaşı həm də müvafiq addımlar atacaq".

STM-in sektor müdiri, politoloq Tural İsmayılov da hadisəyə şərhində terror aktına cəhdin cəzasız qalmamalı olduğunu qeyd edib.

"Bu, artıq bütün hədləri keçməkdir. Mütləq şəkildə terror cəhdinin təşkilatçısı İran tərəfdən cəzalandırılmalıdır".

Politoloq Zaur Məmmədov bildirib ki, cızığı keçənlər cavab verməlidirlər

"Iranın müxtəlif dairələri uzun müddət idi ki, təhdid edirdilər. Əgər hadisəni törədənlər tutulmasa, məsələ aydın olacaq. Cızığı keçənlər əməllərinə görə cavab verəcəklər.

Qeyd edək ki, “Mouze” teleqram kanalının məlumatına görə, hadisə bu gün səhər saat 8:30 radələrində baş verib. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb. Hücum edən şəxs saxlanılıb. İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb

Gülbəniz Hüseynli / Metbuat.az