“Azərbaycanın İrandakı səfirliyinə hücum bu ölkənin rəsmilərinin, diplomatlarının, generallarının, din xadimlərinin, deputatlarının və ekspertlərinin anti-Azərbaycan isteriyasının nəticəsidir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu deyib.

“İrandan Azərbaycan əleyhinə daima səslənin “sərhədlərin dəyişdirilməsi qırmızı çizgimizdir”, “Zəngəzur dəhlizi olmamalıdır”, “Azərbaycan İsraillə əlaqələr qurmamalıdır” açıqlamaları qonşu ölkədəki fanatik dairələri azğınlaşdırıb. Əlbəttə, səfirliyimizə hücumun arxasında İrandakı erməni diasporunun dayandığı da istisna deyil. Məqsəd Azərbaycan-İran münasibətlərinin daha da gərginləşdirməkdir”.

Politoloq hesab edir ki, soyuqqanlığımızı qorumaq şərtilə Tehrandan qatil və ya qatillərin arxasındakı güclərin və sifarişçilərin araşdırılması tələb olunmalı və bu proses nəzarət altında saxlanmalıdır. Çünki Qırmızı çizgiləri aşan İran oldu.

Qeyd edək ki, bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib: "Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Gülbəniz Hüseynli / Metbuat.az