“İran terrorçunu xəstə adı ilə himayəsinə götürərək məsuliyyətdən yayınır”​ -

“Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadənin psixi xəstə kimi qələmə veriləcəyi əslində gözlənilən idi. Çünki İran hadisədən sonra davranışları ilə bu məsələnin obyektiv araşdırılmayacağının anonsunu vermişdi”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib. Müsahibimiz deyir ki, Rəsmi Tehran terroru ört-basdır edib məsələyə ailə-məişət donu geyindirməklə hadisənin əsl mahiyyətinin izlərini silib, bir-birinin ardınca cəmiyyətə yalan məlumatlar ötürməyə çalışırdı.

Millət vəkili Cavid Osmanov

“İran Yasin Hüseynzadəni terror aktından dərhal sonra televiziya kanalları qarşısına çıxarmaqla terrorçunu qoruduğunu, terroru dəstəkləyən dövlət olduğunu bir daha açıq şəkildə dünyaya nümayiş etdirdi. Terrorçudan televiziyalar vasitəsilə müsahibələrin alınması bir daha onu təsdiq edir ki, bütün bunlar öncədən hazırlanmış plandır. Cinayəti törətmiş şəxsin “psixoloji xəstə” adı ilə xəstəxanaya yerləşdirilməsi də onu sübut edir ki, bu terror aktına çox ciddi hazırlıq işləri aparılıb”.

C.Osmanov hesab edir ki, şübhəsiz ki, İran vətəndaşı Yasin Hüseynzadənin Azərbaycan səfirliyində törətdiyi terror aktı əvvəlcədən planlaşdırılmış ssenari üzrə hərəkət idi.

“Təbii ki, İranın qələmə verdiyi kimi psixi pozğunluğu olan xəstə belə bir ssenarini yerinə yetirə bilməzdi. Əgər onun psixi pozğunluğu vardısa o zaman ilk növbədə səfirliyin qarşısnda dayanan İran polisini hədəfə almalı idi. Amma o, polisə atəş açmadı, polis də terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmadı. Hansı ki, başqa ölkələrdə bu cür terrorçular həmin an yerindəcə zərərsizləşdirilir. İran telekanallarına müsahibə verərəkən də həmin şəxsdə heç bir psixi əlamətlər duyulmurdu. Terrorçunu psixi xəstə adı ilə xəstəxanaya yerləşdirməklə rəsmi Tehran vaxtı uzadıb nəyəsə nail olmağı düşünür”.

Millət vəkili qeyd etdi ki, bu hal isə açıq-aşkar təsdiq edir ki, İran terrorçunu xəstə adı ilə himayəsinə götürərək məsuliyyətdən yayındırmaq istəyir.

“Rəsmi Tehran bu hərəkəti ilə cinayətin arxasında özünün məkrli niyyətinin dayandığını bir daha təsdiqləmiş olur”.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum edilib. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları isə onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub. Hücumun dəf edilməsi zamanı isə iki mühafizəçi yaralanıb. Terror hadisəsindən sonra açıqlama verəb Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi bildirib ki, Azərbaycan səfirliyinə silahlı hücum şəxsi zəmində baş verib.

Tehranın polis rəisinin dediyi kimi, guya hadisəni törədən şəxsin əraziyə iki uşaqla gəlib, bir müddət maşında gözləməsi yalandır, ümumiyyətlə belə şey olmayıb.

İran dövləti məsuliyyətdən boyun qaçırmaq üçün hadisənin mahiyyətini təhrif edir, baş vermiş terrorun guya ailə-məişət zəminində insident kimi təqdim olunmasına çalışır.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR