"Sərhədin açılması Ankaranın İrəvan üzərində təsir imkanlarını artıracaq" -

"Türkiyə və Ermənistan arasında aparılan müzakirələr ilk gündən bəri Azərbaycanla koordinasiyalı şəkildə həyata keçirilir və hesab edirəm ki, şərtlər nə qədər ağır olsa belə, yenə də bu addım Azərbaycan tərəfinə məlumat verilməklə atılıb".

Bu fikirləri Metbuat.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə 1993-cü ildən sonra Ermənistan-Türkiyə sərhədinin açılması ilə yaranan narahatlıqlara cavab olaraq deyib. Müsahibimiz hesab edir ki, indiki vəziyyətdə Yunanıstandan belə yardımları qəbul edən Türkiyəni başa düşmək lazımdır.

"Böyük bir insanlıq dramı yaşanır və bunun öhdəsindən gəlmək üçün Türkiyə hazırda hər cür dəstəyə ehtiyac duyur. Eyni zamanda bu müharibədən sonra gözlənilən proses idi. Sadəcə olaraq təbii fəlakət gedişatı sürətləndirdi. Bu gələcəkdə Türkiyənin Ermənistan üzərində təsir imkanlarını artıracaq. Bütün bunlarla yanaşı Türkiyənin bu sərhəd qapısına nəzarəti təhlükəsizlik amillərini nəzərə alaraq edəcəyi şübhəsizdir".

Məlumat üçün bildirək ki, Kahramanmaraşda baş verən zəlzələlərdən sonra dünyanın hər yerindən Türkiyəyə yardımlar edilir. Kampaniya çərçivəsində zəlzələdən zərər çəkənlərə yardım göstərmək üçün Türkiyə ilə Ermənistan arasındakı Alican sərhəd qapısı 30 ildən sonra ilk dəfə açılıb.

Fəlakət bölgəsi üçün Ermənistanda hazırlanmış 5 yük maşını dolu yardım materialı erməni nümayəndə heyəti ilə birlikdə Alican körpüsünə gətirilib. İğdır Fəlakət və Fövqəladə Hallar müdiri Burhan Çöllü və hərbi rəsmilər tərəfindən qarşılanan Ermənistan nümayəndə heyətinin rəsmi prosedurlardan sonra zəlzələ bölgəsinə hərəkət etməsinə icazə verilib.

Qeyd edək ki, Alican sərhəd qapısı Azərbaycana qarşı hücumlara cavab olaraq 1993-cü ilin aprelində mülki keçidlərə bağlanıb. Son 20 ildə bu sərhəd-keçid məntəqəsinin açılması zaman-zaman gündəmə gəlib və bunun Ermənistan iqtisadiyyatına böyük töhfə verə biləcəyi bildirilib. Alican sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələdən sonra Türk Qızıl Aypara Cəmiyyətinin bölgəyə yardım göndərməsi üçün istifadə edilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR