Avstraliyanın cənubunda yerləşən Kati Tanda-Eyr gölü güclü yağışlardan sonra yenidən su ilə dolaraq diqqətçəkən mənzərə yaradıb.

Metbuat.az xəbər verir ki, 9 min 500 kvadratkilometr ərazini əhatə edən gölün böyük hissəsi adətən quru duz düzənliyini xatırladırdı. Lakin, musson yağışları nəticəsində Kvinslend ştatında yaranan daşqın suları çaylar vasitəsilə yüzlərlə kilometr məsafə qət edərək gölə çatıb. Yağan yağışlar da su ehtiyatlarının artmasına töhfə verib. Bildirilir ki, bölgədə bu miqyasda dəyişiklik sonuncu dəfə 1974-cü ildə qeydə alınıb. Gölün dolması ətraf ərazilərdə bitki örtüyünün canlanmasına, balıqların və su quşlarının sayının artmasına şərait yaradıb. Suyun bəzi hissələrində çəhrayı, mavi və yaşıl rənglərin görünməsi isə duzlu mühitdə yaşayan bakteriya və yosunlarla əlaqələndirilir.

Bununla belə, gölün yenidən quruması gözlənilir, çünki suyun axıb getdiyi təbii çıxış yoxdur və isti havalarda buxarlanma artır.