Qlobal ticarətdə alternativ nəqliyyat marşrutlarına tələbatın artması fonunda Orta Dəhliz Azərbaycanın tranzit imkanlarını genişləndirən və beynəlxalq logistika sistemində mövqeyini gücləndirən strateji layihələrdən birinə çevrilir.

Asiya ilə Avropa arasında yükdaşımaların şaxələndirilməsinə xidmət edən bu marşrut ölkəyə tranzit gəlirlərinin artırılması, yeni investisiyaların cəlb edilməsi və qeyri-neft sektorunun inkişafı baxımından əlavə imkanlar yaradır. Azərbaycanın nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar isə Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Bu perspektivlər İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda da diqqət mərkəzində olub. Forum çərçivəsində keçirilən “Orta Dəhliz: regional ticarət, bağlantı və dəyər zəncirləri” adlı panel sessiyada ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlığının inkişafı, TRIPP layihəsi, yeni regional bağlantı imkanları və Orta Dəhlizin beynəlxalq ticarətdə rolu müzakirə edilib.

Müzakirələrdə Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri, Çin, Gürcüstan, Türkiyə, ABŞ və Avropanın dövlət və özəl sektor nümayəndələri iştirak edərək nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsi, investisiyaların cəlbi və regional dəyər zəncirlərinin formalaşdırılması perspektivlərini dəyərləndiriblər.

Bu barədə Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, politoloq İlyas Hüseynovun Metbuat.az-a açıqlaması da diqqət çəkir.

Analitik bildirib ki, müasir qlobal iqtisadiyyatda Orta Dəhlizin əhəmiyyətinin artması beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi ilə birbaşa bağlıdır:

Yeni nəqliyyat dəhlizləri Azərbaycana nə qazandıracaq? -

Fotoda: Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, politoloq İlyas Hüseynov

“Çin, Mərkəzi Asiya, Xəzər hövzəsi, Cənubi Qafqaz və Avropa arasında alternativ və etibarlı nəqliyyat marşrutlarına ehtiyacın artması fonunda Orta Dəhliz beynəlxalq yükdaşımaların əsas istiqamətlərindən birinə çevrilməkdədir.

BTQ dəmir yolu bu dəhlizin ən mühüm quru seqmentlərindən biri hesab olunur. Bu marşrut Xəzər regionunu Türkiyə vasitəsilə Avropa dəmir yolu şəbəkəsi ilə birləşdirərək yüklərin daha qısa müddətdə və daha çevik şəkildə daşınmasına imkan yaradır.

Modernləşdirmə layihəsi nəticəsində Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissədə aparılan genişmiqyaslı yenidənqurma işləri marşrutun dayanıqlığını, təhlükəsizliyini və əməliyyat səmərəliliyini əhəmiyyətli dərəcədə artırmışdır. Nəticədə, BTQ yalnız mövcud yük axınlarını qəbul etmək deyil, gələcəkdə artacaq tələbi qarşılamaq üçün də hazır vəziyyətə gətirilib”.

BTQ dəmir yolunun modernləşdirilməsi Orta Dəhlizin mövcud imkanlarını genişləndirdiyi kimi, Zəngəzur istiqamətində yeni infrastrukturun yaradılması da Azərbaycanın tranzit potensialını artırmağa hesablanıb. Bu layihələrin reallaşması ölkənin beynəlxalq yükdaşımalar sistemində mövqeyini gücləndirməklə yanaşı, əlavə iqtisadi gəlir imkanları da yarada bilər.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı bildirib ki, dəhlizin Azərbaycan hissəsində avtomobil yolunun 95 faizi, dəmir yolu xəttinin isə 75 faizi artıq tikilib. Onun sözlərinə görə, tikinti işlərinin 2027-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub.

BTQ dəmir yolunun modernləşdirilməsi Orta Dəhlizin mövcud nəqliyyat imkanlarını genişləndirdiyi kimi, regionda yeni bağlantı layihələrinin reallaşması da marşrutun gələcək potensialını artırır. Bu baxımdan Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi və beynəlxalq yükdaşımalar bazarında mövqeyinin gücləndirilməsi üçün yeni perspektivlər açır.

Azərbaycan Milli Məclisinin deputatı, iqtisadçı Vüqar Bayramov Metbuat.az-a açıqlamasında bu dəhlizin ölkənin yükdaşımalar üzrə gəlirlərinin artmasına və Orta Dəhlizin inkişafına mühüm töhfə verəcəyini bildirib:

Yeni nəqliyyat dəhlizləri Azərbaycana nə qazandıracaq? -

Fotoda: millət vəkili Vüqar Bayramov

“Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında diqqət çəkən strateji məqamlardan biri də nəqliyyat bağlantılarının genişləndirilməsi və qonşu ölkələrlə münasibətlərin bu istiqamətdə inkişaf etdirilməsi olub. Bu kontekstdə Zəngəzur dəhlizi regionda formalaşan yeni nəqliyyat-logistika arxitekturasının mühüm elementlərindən birinə çevrilir.

Hazırda Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki hissəsində işlərin əhəmiyyətli qismi tamamlanıb. Belə ki, avtomobil yolunun 95 faizi, dəmir yolu xəttinin isə 75 faizi hazır vəziyyətə gətirilib”.

Bu prosesdə regional nəqliyyat bağlantılarının genişləndirilməsi ilə bağlı siyasi və hüquqi addımlar da xüsusi əhəmiyyət daşıyır.

Vüqar Bayramov qeyd edib ki, Ermənistan parlamentinin TRIPP layihəsi ilə bağlı sənədi ratifikasiya etməsi Zəngəzur istiqamətində əməkdaşlığın növbəti mərhələyə keçməsi baxımından diqqət çəkən hadisələrdən biridir:

“Gözləntilərə görə, həm TRIPP, həm də Zəngəzur dəhlizi üzrə işlər qarşıdakı mərhələdə daha da sürətlənəcək.

Zəngəzur dəhlizinin illik 15 milyon ton yükötürmə gücünə malik olması nəzərdə tutulur. Bu marşrutun istifadəyə verilməsi Azərbaycanın beynəlxalq yükdaşımalar üzrə gəlirlərinin artmasına mühüm töhfə verə bilər. Prezident İlham Əliyev Azərbaycanın ərazisindən daşınan yüklərin həcminin 16 milyon tondan 25 milyon tona çatdırılmasını hədəf kimi müəyyənləşdirib. Zəngəzur dəhlizi də bu hədəfin reallaşdırılmasında mühüm rol oynaya bilər”.

Bu layihələr üzrə nəzərdə tutulan infrastruktur işlərinin tamamlanması regionun nəqliyyat xəritəsində yeni imkanlar formalaşdıra bilər. Xüsusilə, Orta Dəhlizlə inteqrasiya baxımından Zəngəzur istiqamətinin açılması və TRIPP layihəsinin reallaşması regional yükdaşımaların coğrafiyasını genişləndirəcək. Vüqar Bayramov hesab edir ki, Orta Dəhlizin yeni seqmentinə çevriləcək Zəngəzur dəhlizi və TRIPP layihəsi regionda yükdaşımaların istiqamətinə və həcminə birbaşa təsir göstərə bilər:

“İlkin qiymətləndirmələrə əsasən, Şərq-Qərb ticarət dövriyyəsinin genişlənməsi və yeni nəqliyyat bağlantılarının istifadəyə verilməsi Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsində illik gəlirlərini 3 milyard dollara qədər artırmaq potensialı yarada bilər.

Bu isə ölkəyə valyuta daxilolmalarının artması, qeyri-neft sektorunun genişlənməsi və dövlət büdcəsinin gəlirlərinin şaxələndirilməsi baxımından əhəmiyyətlidir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Yeni nəqliyyat dəhlizləri Azərbaycana nə qazandıracaq? -