Qərbin "erməni kartı" əhəmiyyətini itirir:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş zamanı bildirib ki, münasibətlərin normallaşmasında əngəllərdən biri də Ruben Vardanyandır. Paşinyan höküməti isə bu məsələni yaxın zamanda həll edəcək.

Bu barədə qənaətlərini Metbuat.az-la bölüşən siyasi şərhçi Rusif Məmmədsoy bildirdi ki, əgər Mirzoyan həqiqətən bunu deyibsə, əsas əngəlin Rusiya olduğuna eyham vurub.

Rusif Məmmədsoy

"Çünki Rubenin bu kimi məsələlərdə hər hansı təsir imkanlarının olmasını düşünmürəm. Vardanyan demək rəsmi Kreml deməkdir. Mirzoyanın "bunu həll edəcəyik" dediyi isə güman edirəm ki, Avropa nümayəndələrinin sərhəddə gəlməsi fonunda bu proseslərdə irəliləyiş əldə edəcəyik fikirləridir".

Rusif Məmmədsoy hesab edir ki, şübhə doğurmur ki, bu gün Türkiyə Ermənistan münasibətlərinin normala dönməsi (bilavasitə Azərbaycanın) Rusiyanın, İranın maraqlarına uyğun deyil. Analitik bu tezisləri bir neçə aspektdən dəyərləndirib:

"Məsələn, Türkiyə və Rusiya münasibətləri yüksək səviyyədədir. Hətta daha da irəli gedərək deyə bilərəm ki, Putinin qırmızı cizgilərindən biri də məhz Ərdoğanın yenidən seçilməsidir. Lakin Putinin qırmızı cizgilərindən biri həm də Ərdoğanın (Türkiyənin) nüfuzunun Cənubi Qafqazda daha da artmamasıdır. Hələ ki, Türkiyə və Ermənistan sərhədi humanitar məqsədlər üçün açılıb, amma istisna deyil ki, bununla da prosesin əsası qoyulacaq. Bu zaman nə baş verəcək? Əvvəla onu qeyd edək ki, burda əsas qazanclı tərəf məhz İrəvandır. Strateji tərəfdən isə Türkiyə Rusiyanın təsirini azaltmış olacaq. Belə ki, iqtisadi əməkdaşlıq inkişaf etdikcə təbii ki, Ermənistan tədricən Türkiyədən asılı vəziyyətə düşmüş olacaq. Bununla yanaşı isə özünü inkişaf etdirmiş olacaq. Rusiya əlbəttə bundan çox narahatdır".

İrana gəldikdə isə ekspert vurğuladı ki, Tehran Kreml kimi yekun sülh sazişindən, sabitlikdən narahatdır. Çünki əgər yekun sülh sənədi olarsa, bölgəyə sülh gələrsə İranın təsir rıçaqları əlindən çıxmış olacaq, narkotrafikin digər qolu da iflasa uğramış olacaq.

"Sadəcə bu da deyil, münasibətlər normallaşdıqca kommunikasiya xətləri, Zəngəzur dəhlizi də açılacaq. Bu isə İranın təbirincə desək onlara "təhdid" yaranmış olacaq. Onlar bu təhdidi onunla əsaslandırırlar ki, əgər dəhliz açılacaqsa bölgədə böyük bir türk koridoru yaranmış olacaq. Bunu isə heç cür qəbul edə bilmirlər. Lakin məsələnin başqa tərəfi də odur ki, dəhlizə kim nəzarət edəcək. Rusiya deyir ki, mən nəzarət edəcəm, Ermənistan deyir ki, mənim ərazimdən keçir və mən nəzarət etməliyəm, İran da nəzarətin məhz Ermənistanda olmasını istəyir".

Qərbin mövqeyini dəyərləndirən Rusif Məmmədsoy qeyd etdi ki, Qərbin Cənubi Qafqazla bağlı siyasətində fərqli xətt müşahidə edirik.

"Daha dəqiq desək "erməni kartı" əhəmiyyətini itirib. Qərb deyir ki, nə olur, necə olur, kim qalib gəlir bizə fərq etmir. Bölgəyə sülh gəlsin, kommunikasiyalar açılsın. Ən əsası isə Rusiya bölgədən çıxsın və ya dayaqları zəifləsin. Ona görə də hazırda bizim üçün də daha uyğun situasiya yaranıb. Düşünürəm ki, elə bu məqamda da iddia etmək olar ki, Vardanyanın sonuna az qalıb".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR