​Bayden Ukraynaya qaçqınların qatarında gedib:

ABŞ Prezidenti Co Baydenin Kiyevə gözlənilməz səfəri dünyanın diqqətini çəkib.

Metbuat.az xəbər verir ki, “Wall Street Journal”ın Ağ Evdəki müxbiri Sabrina Siddiqui səfərin arxa planını açıqlayıb.

Siddiqui bildirib ki, o, və “Associated Press” müxbiri Evan Vucci, fevralın 17-də Ağ Evin Əlaqələr Direktoru Keyt Bedinqfildin ofisinə dəvət olunublar. Ağ Evin Jurnalistlər Assosiasiyasının sədri Tamara Keytin də iştirak etdiyi toplantıda onlara Baydenin Kiyevə səfər edəcəyi və bu səfəri izləyəcək iki jurnalistin də onlar olacaqları bildirilib.

Jurnalistlər "gizlilik andı" içib

Jurnalistlər səfərlə bağlı məxfilik andı içiblər və onlara fevralın 19-da səhər tezdən Vaşinqtondakı Endryus Hərbi Hava Qüvvələri bazasında olmaları barədə 1 gün əvvəl məktub göndərilib. Jurnalistlər təyin olunan vaxtda hərbi bazada olublar və ABŞ-ın Kiyevdəki səfirliyinə çatana qədər təqribən 24 saat ərzində onların telefonları alınıb. Siddiqui qeyd edib ki, onlar Baydenin təyyarəyə mindiyini görməyiblər. Lakin saat 04:00 radələrində Baydenin təyyarəyə mindiyi barədə məlumat verilib.

Vaşinqton vaxtı ilə saat 04:15-də Endryus bazasından havaya qalxan təyyarə 7 saatlıq uçuşdan sonra yanacaq doldurmaq üçün saat 17.13-də Almaniyanın Ramstein hava bazasına enib. 1 saat 15 dəqiqə orada qaldıqlarını deyən Siddiqui bildirib ki, o, bu müddət ərzində də Baydeni təyyarədə görməyib.

Yerli vaxtla saat 18:29-da yenidən havaya qalxan təyyarə bazar günü saat 19:57-də Polşanın Ukrayna sərhədindən 90 kilometr məsafədə yerləşən Rzeşov-Yasionka hava limanına enib. Saat 20.12-də bir saatlıq yol qət etdiklərini deyən Siddiquinin sözlərinə görə, Baydenin konvoyu saat 21.15 radələrində “Przemysl Glowny” qatar stansiyasına çatıb.

Siddiqui qeyd edib ki, qatar Ukraynadan Polşaya qaçqın daşıyan qatarları xatırladıb. Qatarda sıx təhlükəsizlik tədbirləri görülüb. Saat 21.37-də qatarla yola düşdüklərini bildirən jurnalist, saat 22.00 radələrində sərhədi keçərək Ukraynaya daxil olduqlarını qeyd edib.

Kiyevə gəliş

Gecə səfər etdiklərinə görə, ətrafda çox az şey gördüklərini ifadə edən jurnalist, Baydeni müşayət edən Ağ Ev rəsmiləri ilə heç bir təmasda olmadıqlarını, təhlükəsizlik tədbirləri üçün yol boyu bir neçə dəfə dayandıqlarını ifadə edib.

Jurnalist qeyd edib ki, onlar fevralın 20-də yerli vaxtla saat 08:00-da Kiyevin Pasajırski stansiyasına gəliblər. Bayden və onu müşayət edən nümayəndə heyəti ABŞ-ın Kiyevdəki səfiri Bridget Brink tərəfindən qarşılanıb. Bayden səhər saat 8:07-də qatardan düşəndə "Kiyevə qayıtmaq çox xoşdur" deyib.

Bayden və onu müşayət edən nümayəndə heyətinin olduğu avtomobillər, mikroavtobuslar və zirehli maşınlardan ibarət karvan Ukrayna prezidentinin rəsmi iqamətgahı olan Marinskiy sarayına yola düşüb. Bayden burada Zelenski ilə görüşüb. O daha sonra müqəddəs Mixail kilsəsini ziyarət edib və Kiyevə baş çəkib. Jurnalist, Baydenin Kiyevdən yerli vaxtla saat 13:10-da Polşaya eyni qatarla qayıtdığını ifadə edib.

Anar Türkeş


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR