Böyük Britaniyanın Bristol kanalında yerləşən Lundy adasında su ehtiyatlarının azalması səbəbindən ərazinin bağlanması və sakinlərin təxliyəsi gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, yağıntıların normadan 80 faiz azalması su qıtlığını daha da dərinləşdirib. “The Independent” nəşrinin məlumatına görə, adada su sərfiyyatını azaltmaq üçün tədbirlər görülür. Məlumata görə, materikdən gəmilərlə adaya su daşınır, həmçinin gölməçələrdən götürülən su təmizlənərək istifadəyə verilir. Adanın rəhbəri Derek Qrin bildirib ki, bu dövrdə əraziyə düşməli olan yağıntının yalnız 20 faizi qeydə alınıb. Hazırda adada 28 daimi sakin yaşayır, ərazi isə il ərzində təxminən 18 min turist qəbul edir.
Bildirilir ki, su böhranı daha da ağırlaşarsa, sakinlərin və təsərrüfat heyvanlarının təxliyəsi, eləcə də bütün turistik səfərlərin ləğvi zərurəti yarana bilər. Məlumata görə, ötən il də su anbarlarında ehtiyatların 33 faizə düşməsi oxşar təhlükəyə səbəb olub.