"Telekanallar savadsız musiqiləri təbliğ edirlər" -

“Rövşən Binəqədilinin ifa etdiyi "Can gedirik almağa" mahnısı 44 günlük Vətən müharibəsi dövründə hər kəsi duyğulandıran ifalardan oldu. Bəlkə də bu ifa 44 günlük Vətən müharibəsinin himninə çevrildi. Əslində, Rövşən Binəqədilinin oxuduqları savadlı musiqi notları üzərində yazılmayıb, amma gənclərə yüksək vətənpərlik ruhu verdi”.

Bu sözləri Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kulturoloq Vüsalə Məmmədzadə Metbuat.az-a açıqlamasında deyib. O bildirib ki, ölkəmizdə telekanalların sənətdən uzaq mahnıların səsləndirmələri təəssüf doğurur:

“Efirlərdə bayağı, mənşəyi bilinməyən mahnılara yer verməkdənsə, cəmi bir neçə cümlə ilə Vətənin qorunmasına çağırış edən belə mahnıları ifa edən gənclərin tanınmasına yer versələr daha səmərəli olardı. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son zamanlar televiziya kanallarında savadsız musiqilərin təbliğatına daha çox yer verilir. Təbii ki, bunu AzTv-yə, eləcə də İctimai televiziyaya şamil etmək olmaz. Nə yaxşı ki, adını qeyd etdiyim televiziya kanalları buna xüsusi nəzarət edirlər”.

“Azərbaycanda vətənpərvərlik ruhda çox gözəl mahnılar ifa edən sənətkarlarımız var: Şəmistan Əlizamanlı, Çinarə Əlizadə və yaxud da Azərbaycanın dəyərli sənətkarı əməkdar artist Aybəniz Haşımovanın yaratdığı akademik məktəbin "Bülbüllər" qrupunu misal göstərə bilərəm. Onların "Vətəndən pay olmayır" mahnısı və sair”, - deyə kulturoloq bildirib.

Qeyd edək ki, "Ağ" partiya sədri Tural Abbaslı sosial şəbəkə hesabında paylaşım edərək müğənni Rövşən Binəqədilinin Mədəniyyət Nazirliyi və telekanallar tərəfindən diqqətdə saxlanılmasının lazım olduğunu qeyd edib. Onun bu paylaşımı sosial şəbəkədə müzakirə yaradıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı