“Vergi güzəşti peşəkar media məkanının inkişafına təkan verəcək” -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda media subyektlərinin vergidən azad edilməsi ilə bağlı fərman imzalayıb. İmzalanan sənədlərə əsasən, media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilib.

Fərmanla bağlı Metbuat.az-a açıqlama verən Mətbuat Şurası İH üzvü, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, MEDİA Agentliyinin təşəbbüsü ilə hazırlanmış, Milli Məclisin müzakirələrində qəbul edilmiş və nəhayət, cənab Prezidentin fərmanı ilə qüvvəyə minmiş vergi güzəştləri alqışa layiqdir.

“Çap və onlayn media üçün nəzərdə tutulan bu güzəştlər KİV gəlirlərinin 3 il müddətində vergidən azad edilməsini nəzərdə tutur. Bu, dövlət büdcəsinə böyük bir ağırlıq gətirmir. Nəzərdə tutulan güzəştlərin ümumi məbləği təqribən 10 milyon manat civarında qiymətləndirilir. Güzəştlər nəticəsində bu 10 milyon manat dövlətə ödənilməyəcək, KİV-lərin özünə qalacaq. Bu məbləğ KİV-lər üçün çox böyük rəqəmdir. Dövlət büdcəsinə xüsusi ziyan vurmadan peşəkar KİV-lərin gəlirlərin artmasında böyük rol oynayacaq. Nəticədə informasiya məkanımız, bütövlükdə cəmiyyətimiz bundan uduş əldə edəcək”.

Qeyd edək ki, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 3 il müddətində qüvvədə olacaq. Vergidən azadolmalar audiovizual media subyektlərinə şamil edilmir.

Son vaxtlar peşəkar medianın inkişafı üçün atılan addımlar təqdirəlayiqdir. Azərbaycanda peşəkar medianın uzun müddətdir ki, sosial mediaya ilə ədalətsiz rəqabət mühitində yaşadığını vurğulayan Müşfiq Ələsgərli bildirdi ki, peşəkar media ilə yalançı KİV arasında sərhədlərin müəyyən edilməsi nəticəsində ədalətsiz rəqabət mühitində dayanıqlıq imkanları möhkəmlənəcək.

“Sosial şəbəkələrin geniş vüsət tapmasına baxmayaraq, cəmiyyətin ehtiyac duyduğu etimadlı informasiyanı peşəkar KİV-lər hazırlayırlar. Bu baxımdan uzun müddətdir ki, media ekspertləri Azərbaycanda peşəkar media subyektlərinə müəyyən güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflər verirdilər. Təəssüf ki, media məkanının özündə mövcud olan xaotik durum, yalançı kəmiyyət çoxluğu bu cür sosial proqramların həyata keçirilməsinə imkan vermirdi. Media Reyestrinin işə düşməsi bu sektordakı xaotik durumu aradan qaldırır. Peşəkar medianın maliyyə mənbələrinin inkişaf etməsi, paralel olaraq media subyektlərinin biznes modelinə keçidinin təmin edəcək, nəticə etibarilə peşəkar jurnalistika ilə məşğul olan şəxslərin də sosial durumlarının yaxşılaşdırılmasına təsir edəcək. Ümumilikdə peşəkar media məkanının inkişaf etməsinə təkan verəcək”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR