Səudiyyə Ərəbistanı ABŞ-ın Yaxın Şərqdən uzaqlaşdığı bir vaxtda Ər-Riyadın Pekinlə əlaqələrini dərinləşdirməsinin əlaməti olaraq Rusiya və Çin tərəfindən yaradılmış anti-Qərb təsir blokuna qoşulur.
Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi olan "SPA" elan edib ki, krallığın Nazirlər Kabineti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) “dialoq tərəfdaşı” kimi tamhüquqlu üzvlük əldə edilməsini təsdiq edib. Təşkilata qoşulmaq üçün İran da keçən il tam üzvlüklə bağlı sənədləri imzalayıb.
2001-ci ildə Rusiya, Çin və Mərkəzi Asiyadakı bir neçə dövlət tərəfindən yaradılan ŞƏT Avrasiyanın böyük hissəsini əhatə edən ölkələrin siyasi və təhlükəsizlik blokudur və regionda Qərbin təsirinə meydan oxumaq məqsədi ilə Hindistan və Pakistanı da əhatə etməklə genişlənib.
Mövzunu Metbuat.az-a şərh edən konfliktoloq Elman Vəliyev bildirdi ki, Səudiyyə Ərəbistanı bu gün İran, Suriya, Çinlə yaxınlaşırsa səbəb təhdidin yaxınlaşmasındadır. Ekspert hesab edir ki, hər iki təşkilatın əhatə dairəsini genişləndirməyə başlamasına baxmayaraq, hazırda ən böyük rolu Çin oynayır.
"Səudiyyə Ərəbistanı Osmanlı dövlətindən ayılıdıqdan sonra təhlükəsizlik təminatını ingilislərdən sonra Amerikadan aldı. Görünən odur ki, artıq Səudiyyə Ərəbistanı təhdidin yaxınlaşdığını hiss etdi və Amerikanın onu müdafiə etməyəcəyini, yaxud edə bilməyəcəyi düşüncəsinə gəlib. Bu boşluğu görən Çin özünü prosesin içinə atıb. Mənim fikrimcə, Səudiyyə Çinin rıçaqına keçəcək. Bəlkə də, bazasına ev sahibliyi edəcək. Hazırda Rusiyanın artıq iki əsas dayağı qalıb. Bu Şanxay və BRİKS-dir. Ona görə də tərəflər arasında bu münasibətlərin yaranması hər birinin maraqlarına xidmət edir".
Aprelin üçündə Səudiyyə Ərəbistanı və digər böyük neft istehsalçıları may ayından ilin sonuna qədər gündəlik 1,15 milyon barrelə qədər azalma olacağını elan etdilər ki, bu da bütün dünyada qiymətləri artıra bilər. Ekspert deyir ki, İranla Səudiyyənin maraqlarından biri həm İran, həm də, Rusiya enerjisini dəyərə yüksəltməkdir.
"Səudiyyə istəyir ki, husilər sakitləşsin, İran isə Avropaya enerji nəqlinə şərait yaradılması və neft hasilatının azaldılması arzusundadır. Həm Çin, həm də Rusiya bu fikrə ortaqdır. Onlara lazımdır ki, Avropaya nəql edilən Səudiyyə neftində qismən də olsa durğunluq yaşasın. Nəticədə, İran və Rusiyanın yanacağına tələbat artacaq".
İsrailin bu vəziyyətdə susqunluq nümayiş etdirəcəyini düşünmədiyini qeyd edən E.Vəliyev vurğuladı ki, əks koalisiyanın komponentləri sıradan çıxarıla bilər.
"Bu vəziyyətdə ABŞ da səssiz qalmayıb, Çinə qarşı da tədbirlər görməyə başlayacaq. Son zamanlar Şimalı Koreyada keçirilən hərbi təlimlər təlimləri iki məqsədə görədir. Ya hərbi personalın, silah arsenalının keyfiyyətini öyrənmək üçün, ya da müharibə etmək üçün. ABŞ-ın Çini sanksiya ilə yıxmağı düşünməsi absurddur",- deyə E. Vəliyev qeyd edib.
Məlumat üçün bildirək ki, Çinin Körfəz regionu ilə münasibətlərinin dərinləşməsi Bayden administrasiyasının Pekinin başqa yerlərdə artan təsirinə meydan oxumaq məqsədilə Yaxın Şərqdən ayrılmağa çalışdığı bir vaxta təsadüf edir. Təsadüf deyil ki, Çinin lideri ötən ilin dekabrında krallığa səfəri zamanı Səudiyyə Ərəbistanının ŞƏT-ə qoşulmasının əsasını qoydu. Bununla da Çinin regionda təsirini artıracaq növbəti plan işə düşmüş oldu.
Gülbəniz Hüseynli / Metbuat.az