Rusiyanın qolu bağlandı: Finlandiyanın NATO-ya daxil olması alyansa nə vəd edir?

Xəbər verdiyimiz kimi, Finlandiyanın NATO-ya qəbulu ilə bağlı rəsmi mərasim bu gün təşkilatın Brüsseldəki mənzil-qərargahında keçiriləcək. Finlandiyanın NATO-ya üzvlüyü hərbi blokun yaxın keçmişində ən mühüm hadisələrdən biri hesab edilir.

Bununla bağlı Metbuat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirdi ki, Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlüyünü hələ ki, arxa plana atsalar da, Finlandiyaya bu icazəni verdilər. Politoloq dedi ki, Finlandiyanın alyansa daxil olmasının NATO üçün həm ərazi, həm maddi imkanlar baxımından əhəmiyyəti var.

Samir Hümbətov

“Finlandiya və Rusiya arasında böyük sərhəddə malik bir ərazi var. Bu o deməkdir ki, Finlandiyanın NATO- ya daxil olması ilə alyans Rusiyaya təzyiq edə bilər. İkinci məqam odur ki, ABŞ dərhal orada NATO adı altında özünün hərbi bazalarını yaradacaq. Yəni, ABŞ bir tərəfdən Finlandiyaya silah satışını çoxaltmaqla kifayətlənməyib, ikinci bir tərəfdən hərbi bazalarını Rusiyaya qarşı quracaq”.

Finlandiyanın NATO-ya daxil olması ilə bərabər böyük maliyyə imkanlarının yaranacağını qeyd edən Samir Hümbətov hesab edir ki, İsveçin alyansa alınmaması isə ciddi bir dəyişiklik yaratmır.

“İsveçin ərazisi Rusiya ilə sərhəd baxımından daha kiçikdir. Bu məqamlar düşünülərsə, Finlandiyanın NATO ya daxil olması alyans üçün daha çox əhəmiyyətlidir".

Bu gün qurumun Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında deyib ki, NATO qoşunları hələ Finlandiyaya girməyəcək. Stoltenberq sözlərinə görə, bunun üçün əvvəlcə rəsmi Helsinki Alyansdan qoşun tələb etməlidir. Daha bir açıqlamaya görə, Finlandiya Rusiyanın Petrozavodsk şəhərindəki konsulluğunun işini müvəqqəti dayandırıb. Tass xəbər verir ki, bu barədə Finlandiya XİN-dən bildirilib. Diplomatik missiyanın fəaliyyətinin hansı səbəbdən dayandırıldığı hələ ki açıqlanmayıb.

Beynəlxalq Araşdırmalar İnstitutunun Strateji İnkişaf şöbəsinin analitiki Nikita Lipunov düşünür ki, Finlandiya çoxdan NATO-nun hərbi infrastrukturuna inteqrasiya olunmuşdu amma bloka rəsmi daxil olmaqla Şimali Atlantika Müqavilənin beşinci maddəsinə əsasən hüquqi təminatlar almış olacaq.

Nikita Lipunov

Lipunov ölkənin Şimali Atlantika blokuna daxil olması ilə bağlı ən mühüm hal kimi beşinci maddənin kollektiv müdafiəyə təsirini qeyd edib.

“Finlandiyaya hücum bütün bloka hücum kimi qiymətləndiriləcək. NATO ilə sərhədimiz demək olar ki, iki dəfə artdı”, - ekspert bildirib.

O, həmçinin ifadə edib ki, Finlandiyanın alyansa daxil olması ilə ABŞ bu ölkənin hərbi infrastrukturuna çıxış əldə edəcək.

“Çox güman ki, Finlandiya hərbi qurğuları birbaşa amerikalılar tərəfindən istifadə olunacaq. Son onillikdə İsveç və Finlandiyanın tədricən alyansın fəaliyyətinə cəlb olunması müşahidə olundu. Hər iki ölkə NATO xaricində imtiyazlı tərəfdaş statusuna malik idi. Baltik dənizi əslində hərbi blok üçün daxili su hövzəsinə çevrilir. Rusiya üçün Finlandiyanın NATO-ya qəbulu İsveçdən daha həssasdır, çünki biz birbaşa qonşuyuq”, - o vurğulayıb.

Ekspert onu da qeyd edib ki, bu ölkədə nüvə silahının yerləşdirilməsi ehtimalı az olsa da, istisna oluna bilməz.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR