Türkiyənin məşhur bilik yarışması “Kim Milyoner Olmak İster?” yeni mövsümdə bir sıra yeniliklərlə tamaşaçıların qarşısına çıxacaq. Proqramın aparıcısı dəyişib, mükafat fondu isə isə ikiqat artırılaraq 10 milyon türk lirəsinə çatdırılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2024-cü ildən yarışmaya aparıcılıq edən aktyor Oktay Kaynarca layihədən ayrılıb. O, Fahriye Evcenlə baş rolları bölüşdüyü “Hamal” serialına daha çox vaxt ayırmaq üçün belə qərar verib.

Yarışmanın yeni aparıcısı ATV telekanalının tanınmış xəbər aparıcısı Cem Öğretir olacaq. Telekanalın yeni mövsümlə bağlı yayımladığı anonsda onun adı açıqlanıb. 1995-ci ildə jurnalistikaya başlayan Öğretir müxtəlif televiziya kanallarında çalışıb. O, 2009-cu ildən ATV-nin əsas xəbər buraxılışını təqdim edir.

Yeni mövsümdə ən diqqətçəkən dəyişikliklərdən biri də mükafatın fondunun artırılmasıdır. İndiyədək 5 milyon türk lirəsi olan mükafat 10 milyon lirəyə yüksəldilib. Bununla da yarışmanın iştirakçıları daha böyük məbləğ qazanmaq şansı əldə edəcəklər.

Yarışmanın qaydalarında da dəyişiklik edilib. İştirakçıların cavablandırmalı olduğu sualların sayı 13-dən 15-ə çatdırılıb. Yenilənmiş mükafat cədvəlinə əsasən, ilk sualın mükafatı 2 min lirə olacaq. Onuncu sualı düzgün cavablandıran iştirakçı 300 min, 12-ci sualı keçən şəxs 1 milyon, 14-cü suala doğru cavab verən iştirakçı isə 4 milyon lirə qazanacaq.

İştirakçıların qazandıqları məbləği təminat altına aldıqları keçid mərhələsinin şərtləri də dəyişib. Əvvəllər yeddinci sualda 50 min lirə olan təminat həddi yeni mövsümdə beşinci suala keçirilib və 20 min lirə müəyyənləşdirilib.