"Tehran-Bakı münasibətlərinin qısa zamanda düzələcəyi inandırıcı deyil" -

"İran XİN başçısı Əmir Hüseyn Abdullahiyanın Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefon danışığı zamanı müzakirə edilən mövzulardan aydın olur ki, İran tərəfi hələ indi anlamağa başlayır ki, vəziyyəti sözün həqiqi mənasında korlayıblar".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Samir Hümbətov deyib. Ekspert bildirdi ki, telefon danışığında dörd əsas nüans qabarıq şəkildə nəzərə çarpıb.

"Birincisi, iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılıb. Anlaşılmazlıqların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb. Azərbaycanla İran arasında mövcud olan layihələrin icrası istiqamətində iş aparılmasına dair razılıq ifadə olunub. Üçüncüsü, Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb. Nəhayət, Nazirlər qarşılıqlı təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər. Fikrimcə, Tehran rejmi 4 səfirlik əməkdaşının Azərbaycan tərəfindən "persona non grata" elan edilib ölkədən göndərilməsindən sonra vəziyyəti düzəltmək üçün yeganə çıxış yolunun özünün bu danışıqlara başlamasından keçdiyini anlamağa başlayıb".

Politoloq hesab edir ki, İran və Azərbaycan arasındakı yaranmış belə gərgin münasibətlərin qısa zamanda düzələcəyi inandırıcı görünmür.

"Ona görə ki, Tehran rejmi bir tərəfdən danışıqlar aparmaq görüntüsü yaratmaq istəsə də, digər tərəfdən təxribatlarını dayandırmır. Təbii ki, Azərbaycanla danışıqlar üçün hər zaman qapı açıqdır, amma Tehran rejminin yerinə yetirməli olduğu bir neçə şərt var. Birincisi, İran mediasında anti-Azərbaycan yazılarının qarşısının alınmalı, 27 Yanvar 2023-cü ildə Tehrandakı səfirliyimizə edilən terror aktının obyektiv araşdırılmalı, Azərbaycan daxilində təxribata səbəb olan cəsus şəbəkəsinin formalaşdırılması dayandırılmalıdır. Həmçinin İranın mövcud şəraitdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına mane olmaması da vacib nüansdır".

Politoloq onu da qeyd etdi ki, ilkin olaraq bu addımların atılmasından sonra tərəflər arasında etimad mühitini bərpa etmək mümküm olar. Əks təqdirdə gərgin münasibətlərin normallaşması inandırıcı görünmür.

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR