İran mövqeyində dəyişiklik etməyib:

"İran Azərbaycanla bağlı mövqeyində dəyişiklik etməyib. Xarici işlər nazirlərinin üç dəfə telefon danışıqları və ötən gün SEPAH generalının Azərbaycanla müharibə istəmirik kimi açıqlamasına rəğmən Tehran rejimi böhranı davam etdirir".

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun şərhinə görə, Tehran rejimi Türkiyə və İran prezidentləri arasında telefon danışığından sonra xarici işlər naziri səviyyəsində telefon danışıqlarına razılaşıb.

"Göründüyü kimi, Türkiyə bu məsələdə Azərbaycanı müdafiə edib, rəsmi Bakı ilə danışıqlara getmək üçün mövqeyini ortaya qoyub. Amma, SEPAH (İran İslam İnqilabı Keşikçilər Qvardiyası) mövqeyində dəyişiklik etməyərək informasiya kəşfiyyat və hibrid müharibəsini davam etdirir. İran rejimi 3+3 platforması istiqamətində əməkdaşlığın yaradılması və görüşlərin keçirilməsində maraqlıdır. Çalışır ki, iqtisadi sanksiyalar səbəbindən yeni bir formatla iqtisadi imkanlarını genişləndirsin".

İranın məqsədinin regionda mövqeyini qoruyub saxlamaq olduğunu ifadə edən politoloq hesab edir ki, hazırkı siyasətlə Tehran rejiminin bu format çərçivəsində Azərbaycanla əlaqələri normallaşması mümkün deyil.

"Çünki, İran rejimi Zəngəzurla bağlı mövqeyində dəyişiklik etməyib, Azərbaycana qarşı hərbi ritorikanı davam etdirir. İranın Azərbaycandan istəyi odur ki, ilk növbədə Azərbaycan İsraillə əməkdaşlığa son versin. İkinci, "Zəngəzur" dəhlizinin açılmasından imtina etmək. Üçüncü, Türkiyə ilə əlaqələri aşağı salmağı istəyir. Dördüncü, Tehranın siyasətini nəzərə almaq . Ona görə də Tehran rejimi ilə Azərbaycan arasında normallaşma prosesi gözlənilmir. Tehran rejimi öz tələblərini geri çevirəcəksə, proseslər müsbətə doğru addımlaya bilər. Amma, hakim siyasi elitaya təsir gücünü saxlayan SEPAH Azərbaycana qarşı terror və hibrid müharibə siyasətini davam etdirir. Tehran rejiminin davam etdirdiyi ritorika təkcə Azərbaycanı deyil, Ankaranın region siyasətini də təhdid edir. Regionda formalaşan siyasi nizami dəyişmək üçün Tehran Ermənistana öz proksi qüvvələrini ata bilər".

Gülbəniz Hüseynli / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR