Autizmli gənclərin inkişafına yönəlik “Eynəyini Dəyişdir” layihəsinə start verilir

“İrəli” İctimai Birliyinin Sosial iş mərkəzinin təşkilatçılığı ilə autizmli gənclərin həyat fəaliyyətinin yaxşılaşdırılmasına yönəlik “Eynəyini Dəyişdir” layihəsinə start verilir.

Metbuat.az xəbər verir ki, bu barədə Birliyin Mətbuat xidmətindən məlumat verilib. Belə ki, layihənin ilk mərhələsində gənclər mütəxəssis, sosial işçi və psixoloqlar tərəfindən autizm və onun əlamətləri, yaranma səbəbləri, autizm spektr pozuntusuna malik gənclərlə davranış qaydaları və digər mövzularda təlim sessiyasında iştirak edərək nəzəri biliklər əldə edəcəklər. Layihənin növbəti mərhələsində isə gənclər “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Autizm Mərkəzinin iş prinsipi ilə yaxından tanış olaraq, autizmli gənclərlə birgə çalışma imkanı əldə edəcəklər.

Həmçinin diqqətə çatdırılıb ki, “Eynəyini Dəyişdir” layihəsi artıq ikinci mövsümdür ki, həyata keçirilir və layihənin ilk mövsümündə ümumilikdə 50-ə yaxın gənc iştirak edib. Həyata keçirilən layihənin əsas məqsədi autizmli uşaq və yeniyetmələrlə iş sahəsində gənclərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, habelə qeyri-formal təhsil metodlarından istifadə ilə autizm spektr pozuntusuna malik gənclərin cəmiyyətə inteqrasiyasını sürətləndirməkdən ibarətdir.

Layihədə iştirak etmək istəyən 18-25 yaş arasında, autizmli gənclərlə iş sahəsinə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3opPGGk


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR