Xankəndidəkilər buna görə Bakıya üz tutacaq - 150 milyardlıq OYUN

Xankəndidə separatçı rejim erməni əhalisindən borclarını təcili olaraq ödəməyi tələb edir.

Qondarma “dövlət naziri” Qurgen Nersisyan qondarma “investisiya fondu”nda keçirdiyi görüşdə bu haqda bildirib.

Separatçı rejim borcunu ödəməyən erməniləri “məhkəmə” ilə hədələyir. Kim borcunu ödəməsə, “məhkəmə” onun haqqında qərar çıxaracaq və pul məcburi qaydada alınacaq, ödəniş etmək imkanı olmayanların əmlakı müsadirə olunacaq.

Q.Nersisyan bu addımın “gərgin sosial vəziyyəti yumşaltmaq” məqsədilə atıldığını iddia edir və bildirir ki, “borcunu qaytarmayanlar digər “həmvətənlilərini” düşünmür”.

Separatçıların bu tələbi erməni əhali arasında ciddi narazılıq yaradıb. Keçmiş Ağdərə rayonunda yaşayan, adının açıqlanmasını istəməyən erməni “Hraparak” nəşrinə bildirib ki, o götürdüyü borcla yanacaqdoldurma məntəqəsi açıb, lakin artıq məntəqə sıradan çıxıb, işləmir: “Mənim borcum 3 milyon 290 min dram idi, indi 4 milyon 95 milyon dram olub. İstəsəm belə bunu ödəyə bilmərəm. İşləmirəm, necə ödəyim. Bütün əmlakımı satışa çıxarmışam. Rusiyaya gedəcəm, yolun açılmasını gözləyirəm. Açsalar, burada heç kim qalmaz”.

Qondarma “investisiya fondu”nun məlumatına görə, erməni əhalisinin 150 milyard dram borcu var. Bu pullar hansısa biznes qurmaq üçün götürülüb, lakin müharibə və sonrakı dövrdə bunu etmək mümkün olmayıb. Əhali borcu necə qaytaracağını bilmir.

Separatçılar isə borcu olan ermənilərə bildiriş göndərib və qısa müddətdə ödənilməsini tələb edib.

Bu vəziyyət Qarabağdakı proseslərlə konkret nəticələr çıxarmağa imkan verir:

Birincisi, separatçı rejim heç olmadığı qədər çıxılmaz vəziyyətdədir;

İkincisi, erməni əhalisini “borc təhdidi” ilə özlərinə tabe etdirmək və Azərbaycana reinteqrasiya meyllərini sıradan çıxarmaq istəyirlər;

Üçüncüsü, separatçıların qaçışdan öncə pulları toplamaq istədikləri də istisna deyil;

Bu, Azərbaycan üçün unikal şəraitdir və rəsmi Bakının bir neçə istiqamətdə addım atması imkanı yaranır:

1. Erməni əhalisinə Azərbaycana reinteqrasiya prosesi çərçivəsində bütün borclarının sıfırlanacağı haqda müraciət oluna bilər;

2. Separatçıların erməni əhalisini girov saxladığı və təhdid etdiyi məsələsi beynəlxalq müstəvidə qaldırıla bilər, xüsusilə təmasların qurulması ideyasını dəstəkləyən ABŞ və Avropa İttifaqı qarşısında;

3. Qarabağı tərk etmək istəyənlər üçün yolun açıq olduğu elan edilə bilər: Laçın postunda ermənilərin rahat şəkildə keçdiyini əks etdirən görüntülər bu kontekstdə əhəmiyyətlidir, belə görüntülərin geniş yayılması daha effektli olacaq.

Asif Nərimanlı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı