"Trendyol kimi nəhəng, bazar təcrübəsi olan və məşhur bir e-ticarət platformasının Azərbaycan bazarına daxil olması ekosistemin inkişafı baxımından, yeni e-ticarət mədəniyyətinin formalaşması, xidmətlərin daha sürətli əldə edilməsi, innovasiyaların və texnologiyaların tətbiqi, əlçatanlıq, daha rahat alış- veriş şəraiti, müştəri loyallığı və güvənlik baxımından müsbət addım olaraq dəyərləndirilə bilər".
Metbuat.az xəbər verir ki, bu fikirləri "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O qeyd edib ki, amma Trendyol-a istiqamətlənən onlarla yerli, kiçik karqo şirkətlərimiz üçün rəqabət çox çətinləşəcək.
"Güman etmək olar ki, onların çoxu, digər bazarlara çıxış imkanı qazanmasalar rəqabətə tab gətirməyəcək və bağlanmaq təhlükəsi ilə üzləşə biləcəklər. Xatırladıram ki, son 2-3 ildə bu tip karqo şirkətlərin sayı 200-ə çatmışdı. Əslində, digər xidmətlər təqdim etməyən, yalnız "aralıq" funksiyası göstərən bu tip şirkətlərin nə zamansa təhlükə ilə üzləşəcəyi proqnozlaşdırılan idi. Düşünürəm ki, nisbətən böyük karqo şirkətlərimiz, Trendyol-dan fərqli olan mağaza və platformalar üzərindən də xidmət göstərənlər, dəyişikliyə uyğunlaşmaqla, yeni bazarlar əldə etməklə və innovasiyaları genişləndirməklə rəqabətə davam gətirə biləcəklər".
Ekspert hesab edir ki, yerli e-ticarət qurumları üçün də risklər qaçılmaz ola bilər. Bəs Trendyol-un gəlişindən sonra Azərbaycan vətəndaşları üçün qiymətlər necə olacaq ?
Osman Gündüz bildirib ki, bu barədə edilən açıqlamalar qiymətlərin daha sərfəli və məhsul çeşidlərinə geniş çıxış imkanlarının olacağı yönündədir.
"Amma Azərbaycan bazarında olan bəzi brendlərin Trendyol vasitəsilə satışında məhdudiyyətlərin olacağını indidən proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qiymət siyasətinin necə olacağını güman ki, yaxın zamanlarda görəcəyik. Ümid edək ki, daha sərfəli və ağlabatan qiymətlər olacaq".
METBUAT.AZ