Bu gün Bakı və Abşeron yarımadasında əvvəlcədən xəbər verildiyi kimi, yağmurlu hava şəraiti müşahidə olunur. Axşama saatlarında da yağışın intensivliyi davam edəcək, gecəyə doğru tədricən kəsiləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O, sabah müşahidə ediləcək hava şəraiti haqqında da məlumat verib:
“Sabah mayın 5-də gün ərzində yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin gündüz saatlarında qısa müddətli az yağış yağacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 13-16 dərəcə isti olacaq.
Bölgələrdə və əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə ediləcək. Havanın temperaturu gündüz saatlarında 15-19, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti olacaq”.