Böyük dövlət və ictimai-siyasi xadim, ədəbiyyatın, mədəniyyətin yaxın dostu və himayədarı Heydər Əliyevin fəaliyyətində əlamətdar tarixlər çoxdur. Ümummilli liderin fəaliyyəti Azərbaycanın inkişafı, şanı-şöhrəti, çiçəklənməsi ilə sıx bağlı olub. Bu bağlılıq yalnız “dünən” deyil, yaşayan bugündür, inandığımız gələcəkdir.
Heydər Əliyevdən danışarkən biz yalnız tarixdən, irsdən danışmırıq, o tarixi, o mirası yaşadan, doğruldan bugünkü qüdrətli Azərbaycandan danışırıq, daha böyük gələcəyin Azərbaycanını düşünürük. Bu anlamda, Heydər Əliyev adı, o adın, onun irsinin işığı bugün ictimai-siyasi fəaliyyətimizə nizam verdiyi kimi, sabahımıza da işıq salır, yol göstərir, yön verir. Gəlin, Şuşanın azad olunması münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Xalqa müraciətində dediyi tarixi sözləri bir daha xatırlayaq: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun Dünya azərbaycanlıları”!
Heydər Əliyevin titanik səylərini, böyük çalışmalarını biz – mən və yaşıdlarım, yeni nəsillər daha çox müstəqillik illərində biləvasitə müşahidə edə, öyrənə bildik. Lakin ölkəmizdə dayanıqlı inkişaf üçün möhkəm zəmin o böyük insanın hələ 1969-1982-ci illərdə gördüyü işlər sayəsində yaranmışdı. Onun əsasını qoyduğu böyük işlər müstəqilliyin əldə olunmasında da müstəsna yerə, rola malik olub. Birincisi, o milli ruhun qorunması, dirçəlməsi üçün yaradıcı insanları, milli mövqeli şair-yazıçıları dəstəkləməklə, habelə intellektual potenisalın qorunması yaxud yaradılması və inkişafı üçün irimiqyaslı layihələrlə çıxış etməklə də millətə xidmətin parlaq örnəyini yaratmışdı. Məhz onun dövründə çiçəklənən, iqtisadi uğurlara imza atan respublikamızın şanı-şöhrəti əhalidə özgüvən, qürur hissləri yaradırdı. Keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə hər il göndərilən çoxsaylı azərbaycanlı gənclər həm yeni biliklərə yiyələnərək respublikamızda müxtəlif təsərrüfat sahələrində keyfiyyət dəyişikliyinə nail olur, həm də toplumda ümumi intellektual, mədəni səviyyənin qalxmasına ortam yaradırdı. O gənclər eyni zamanda, oxuduqları məktəblərdə, şəhərlərdə, mədəniyyətimizin, həqiqətlərimizin elçiləri olurdu. Heydər Əliyev respublikaya rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının respublikaları arasında bir çox əməli fəaliyyət göstəricisində axırıncı yerlərdə idi. Məhz onun ölkəyə rəhbərlik etdiyi dönəmdə mədəniyyət, sənət, ümumən yaradıcılıq sahələri, elm-təhsil, eləcə də sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dönəmini yaşadı.
Bəli, Ulu öndərin adı bütün əməli fəaliyyət sahələri üzrə böyük işlər, hadisələrlə qoşa çəkilir: “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, “Heydər Əliyev və xarici siyasət”, “Heydər Əliyev və gənclik” və s. Mədəniyyət bu planda özəl yerə, mövqeyə sahibdir. Mənə Ulu öndərimizlə birgə xarici səfərlərdə jurnalist kimi iştirak etmək qismət olub. Onun jurnalistlərə, yaradıcı insanlara münasibəti müstəsna xarakter daşıyırdı. Bu müstəsnalıq, Ulu öndərin tamaşalardan, dövlət tədbirlərindən sonra səhnə arxasına keçərək sənətçilərlə görüşməsi, onların ifası, çıxışı haqqında mülahizələrini, dəyərləndirmələrini söyləməsi ilə də taclanırdı. O böyük şəxsiyyət səfərlərdə biz jurnalistlərlə, operatorlarla, nümayəndə heyətinin üzvü olan şair, yazıçı, bəstəkar, rəssamlarla da eyni həssaslıqla rəftar edirdi. Bu münasibət məhz Heydər Əliyevin özü tərəfindən əsası qoyulmuş ənənələrə söykənirdi. Hələ sovet dönəmində SSRİ-nin Xalq artisti, Xalq rəssamı, Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı və b. ada layiq görülmüş, nüfuzlu ordenlərlə təltif olunmuş azərbaycanlıların uzun siyahısı buna sübutdur.
Bilirsiz, ayrı-ayrı sənətkarlar üzərindən verilmiş belə dəstəklər, qərarlar yanar ürəyin, Vətənə bağlılığın, sənətə, sənətin estetik dəyərlərinə məhəbbətin yüksək ifadəsi idi. Bu ifadəlilikdə bir önəmli istiqamət isə Heydər Əliyevin sənətə, istedada vurğunluğunun, sənətə, sənətkara dərin diqqət-qayğı ilə yanaşmaqla birgə, kimlərin xalqı, mədəni irsimizi ümumittifaq miqyasında təmsiletmə haqqına sahib olmasını dəqiq bilməyi ilə bağlıydı.
Heydər Əliyev Hüseyn Cavid irsinə, Səməd Vurğun şəxsiyyətinə, eləcə də, Rəsul Rzaya, Niyaziyə, Müslüm Maqomayevə, Rəşid Behbudova, Zeynəb Xanlarovaya, Bəxtiyar Vahabzadəyə, Nəbi Xəzriyə, Qabilə, Anara, Elçinə və başqalarına nə üçün dəstək durduğunu çox yaxşı bilirdi. Bilirdi ki, xalqı, ölkəni onun mədəniyyəti, sənəti, sənətkarları ilə uca tutmaq xüsusi hadisədir.
Ulu öndər yalnız istedadlara, sənətkarlara dəstək durmurdu, onların yetişməsi üçün münbit ortam yaradırdı. Bu siyasətini müstəqil Azərbaycanda daha şövqlə, yeni məzmunda, formada davam və inkişaf etdirdi. Heydər Əliyevin Prezident kimi imzaladığı sərəncamlar, fərmanlar içərisindən ədəbiyyat, mədəniyyət, incəsənətə aid olanlarını, o cümlədən ədəbiyyat, mədəniyyət, incəsənətlə bağlı çıxışlarını toplasaq, bir neçə cildlik kitab alınar. Ulu öndər “İstedadlı gənclərin qızıl kitabı”, Gənc yazarlar üçün Prezident təqaüdü haqqında sənədlərə imza atanda, mədəniyyətə, incəsənətə dövlət dəstəyinin artırılması haqqında Sərəncam, Fərman verəndə də böyük amallarla yaşayırdı. Yaradıcılıq qurumlarının dövlət dəstəyi ilə təmin edilməsi bu sırada özünəməxsus hadisələrdəndir.
“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” – Heydər Əliyevin kəlamıdır. Biz iqtisadi təhlil yazısı ilə çıxış etmirik, ancaq iqtisadi amili ona görə vurğulayırıq ki, yaradıcılıq brliklərinə, onların mətbu orqanlarına, ümumən mədəniyyətə, sənətə dövlət dəstəyinin təmin olunması bir tərəfdən siyasi iradənin nəticəsiydisə, digər tərəfdən məhz iqtisadi imkanların hesabına mümkün olurdu. Başqa bir kəlamında Ulu öndər deyirdi: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”. – Bəli, o böyük insan az qala bütün əməli fəaliyyət sahələri üzrə fəaliyyətlərdə məhz mədəniyyət əsaslı yanaşma, xalqın mədəni səviyyəsini düşünən fəlsəfə ilə addım atırdı.
Heydər Əliyevin teatr tamaşalarına, filmlərə, sənətçilərin çıxışı haqqında əsl peşəkar rəy bildirməsi unudulmaz xatirələrdir. Onun şair və yazıçılarla, ədəbiyyatşünaslarla, mədəniyyət işçiləri və incəsənət xadimləri ilə görüşləri, söhbətləri, rəyləri özü ayrıca bir mədəniyyət hadisəsidir. Heç təsadüfi deyil ki, Xalq yazıçısı ANAR Ulu öndərə həsr etdiyi kitabı məhz “Undulmaz görüşlər” adlandırıb...
Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən ali siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da önəmli dəyişikliklərə səbəb oldu. Respublikamızda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi üzüntülərin həlli, söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə əlverişli ortam yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan münbit ortam, qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə görülən təxirəsalınmaz təsirli tədbirlər ölkəmizdə fikir plüralizminin genişlənməsinə geniş yol açdı. Müstəqil KİV-ləin təsisi milli mətbuat gələnəyinin davam və inkişaf etdirilməsinə yol açmış oldu.
Mətbuata verilən dəyər Ümummilli liderimizin başçılığı ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Əsas Qanununda – Konstitusiyamızda da öz əksini tapdı. O cümləni olduğu kimi xatırlayaq: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”.
Bundan sonra, 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkə mətbuatının inkişaf tarixində yeni önəmli hadisəyə çevrildi. Bu Fərman KİV-lərin sərbəst inkişafı, onların toplumun dinamik formada demokratikləşməsinə təsir edən önəmli platformaya çevrilməsi üçün müvafiq dövlət siyasətinin tətbiqin baxımından vacib addım sayıldı. Məhz bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli Sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da gücləndirilməsinə xidmət etdi. Bu sənəd Azərbaycanda mətbuatın inkişafına mane olan bir sıra bürokratik əngəllərin aradan qaldırılmasına yol açdı. Dövlət qeydiyyatı ləğv olundu və yeni mətbuat orqanlarının təsis olunması proseduru asanlaşdırıldı. Ümummilli liderimizin mətbuatın inkişafı ilə bağlı tədbirləri davamlı şəkil aldı. “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqamı” 2000-ci ilin martında Prezident Sərəncamı ilə təsdiq olundu, Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, (o vaxtkı adı ilə yazsaq) Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı.
2001-ci ildə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşən Ümummilli lider deyirdi: “Biz mətbuat haqqında bir neçə ciddi addım atmışıq: söz azadlığının, mətbuat azadlığının təmin olunması, senzuranın aradan qaldırılması, bütün mətbuat orqanlarına sərbəstlik verilməsi. Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirik və edəcəyik”.
Bəli, biz o dövrün canlı şahidləri biləvasitə bilirik, indiki nəsillər ən yaxın tariximizi vərəqləyərək öyrənir ki, Ümummilli liderimiz Azərbaycan jurnalistikasının inkişafında xüsusi yeri, rolu olan şəxsiyyətdir. Heydər Əliyev bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarını dondurmaqla, sonradan həmin borcları tam ləğv etməklə iqtisadi böhranın girdabında boğulan qəzet-jurnalları xilas etdi. Bundan başqa, Ümummilli liderimiz toplumda jurnalistlərə layiqli münasibətin formalaşmasında önəmli rol oynadı. Şəxsi təşəbbüsləri ilə jurnalistlərlə, qəzetlərin baş redaktorları ilə keçirdiyi görüşlər Heydər Əliyevi mətbuatın üzüntüləri ilə daha yaxından tanış edirdi. Ölkə jurnalistləri Ümummilli liderimizi həm də bir dost kimi, onların zəhmətinə yüksək dəyər verən yaxın sirdaş kimi qəbul edirdi. Mən belə doğmalığı şəxsən görmüş xoşbəxtlərdənəm. Heç təsadüfi deyil ki, 2003-cü ildə Ümummilli liderimiz Heydər Əliyev Çingiz Mustafayev Fondu tərəfindən “Jurnalistlərin dostu” adına layiq görüldü. – O vaxt bu, respublikamızda ən nüfuzlu ictimai mükafat idi.
Ümummilli lider deyirdi ki, reallığı düzgün qiymətləndirən, keçmiş təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanmalıdır. Belə siyasət cəmiyyətin sabitliyinə, irəliyə doğru hərəkətinə və tərəqqisinə xidmət edir. – Dediyi kimi də oldu. Bu gün Heydər Əliyevi qalib ölkənin qürurlu vətəndaşları olaraq şükranlıqla yad edirik.
Heydər Əliyev tarixi Zəfərimizi görmədi, amma inanırıq ki, ata vəsiyyətini yerinə yetirən sədaqətli oğlunun Müzəffər Ali Baş Komandanı olduğu şanlı Ordumuzun Qələbəsi onun əziz ruhuna agahdır.
Tarixi Zəfərimizdən sonra Qarabağda, Şərqi Zəngəzurda sürətli və keyfiyyətli quruculuq, təmir-bərpa, abadlıq işləri yenə Heydər Əliyevi yada salır. Şuşada Vaqifin məqbərəsi bərpa olundu. Bir tək bu məqbərə, onun bərpasından, Vaqif Poeziya Günlərindən, onun bərpası üzərindən bir dastan yazmaq olar...
Azərbaycanın yalnız quruculuq işində deyil, müharibədə də qızıl ləyaqət göstərməsi Heydər Əliyevin mədəniyyət qavramını nə qədər geniş tutması və necə bir zəngin irs qoyub getməsini təcəlla etdirir. Ulu Öndərin siyasi kursunu uğurla, ləyaqətlə davam və inkişaf etdirən Prezident İlham Əliyev, Heydər Əliyevin adını daşıyan Fonda uğurla rəhbərlik edən Mehriban xanım Əliyeva mədəniyyət strategiyasını yeni zirvələrə daşımaqdadır.
Ümummilli liderimiz köklü məsələlərə fəlsəfi, ictimai-mədəni, mənəvi planda yanaşırdı. Yoxsa, məsələlərə yalnız siyasi, hüquqi yanaşmalarla xarüqələr yaratmaq çətin olardı. Ona görə də, Heydər Əliyevin mədəniyyətə, incəsənətə baxışı məhz strateji məzmun daşıyırdı. O məzmun bu gün də təsirlidir, sirayətedicidir, yaşarıdır.
Dövlətimiz var olsun!
Milli Məclisin deputatı Qənirə Paşayeva