AKP millət vəkilindən Kılıçdaroğluna MÖHTƏŞƏM CAVAB: ​“Can Azərbaycansız “Türk Yolu” layihəsi ola bilməz”

“Kamal Kılıçdaroğlu “həyatımın layihəsi” elan etdiyi layihə ilə həqiqətdən nə qədər uzaq olduğunu bütün dünyaya bir daha göstərdi”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Türkiyə Cümhuriyyəti AK Partiya millət vəkili Yavuz Subaşı deyib. Müsahibimiz hesab edir ki, Kılıçdaroğlu üç ildir fəaliyyətdə olan bir layihəni sanki yeni kimi elan etməklə Türkiyədə baş verənlərdən nə qədər xəbərsiz olduğunu bir daha göstərdi.

Türkiyə Cümhuriyyəti AK Partiya millət vəkili Yavuz Subaşı

“Kamal Kılıçdaroğlunun sözlərinə görə, bu layihə ilə Türk Dünyası ilə birləşərək tarixi İpək Yolunu canlandıracaqdı. Nəticədə, Türkiyəni Çinlə birləşdiməklə yeni bir ticarət və nəqliyyat dəhlizi yaranacaq. Təəssüf ki, prezidentliyə namizəd olan Kamal Kılıçdaroğlu Türk əsrinə qədəm qoyacağımız 2023-cü ildə dünyagörüşü və prinsipi olmayan, nə edəcəyini bilməyən insan olaraq dövləti idarə etməyə can atır”.

Yavuz Subaşı Kamal Kılıçdaroğluna xatırladaraq bildirdi ki, London-Pekin xətti olaraq xarakterizə edilən İpək Yolu Layihəsi tikintisi davam etsə də, lakin 4 dekabr 2020-ci il tarixindən etibarən ilk qatar İstanbuldan yola düşərək Marmaraydan keçib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Xəzər dənizi keçidi ilə 8693 km yol qət edib. 2 qitə, 2 dəniz, 5 ölkə keçərək Çinə çatıb. Millət vəkili Azərbaycanı layihədən kənarda qoyduğuna görə, Kılıçdaroğlunun üzr istəməli olduğu qənaətindədir.

“Kamal Kılıçdaroğlunun həyatımın layihəsi kimi qələmə verdiyi bu layihə Təbriz-Tehran-Türkmənistan (Aşqabad)-Qazaxıstan (Almatı)-Çin (Pekin) marşrutunu əhatə edir.Kamal Kılıçdaroğluna sual vermək istəyirəm: Azərbaycana qarşı belə münasibətinizin səbəbi nədir? Bu gülünc layihəyə Can Azərbaycanı qatmamağınız və onu layihədən kənarda qoymağınız nədən xəbər verir? Kamal Kılıçdaroğlu, səhvini etiraf edib Azərbaycandan üzr istəməklə açıqlama verməlisən! Bu layihə reallaşacağı təqdirdə (Allah eləməsin!) Azərbaycanı gözdən salmaq marağı güdür. Bu layihə Qarabağ Qələbəsinə kölgə salmaq layihəsidir. Bu layihə Qarabağda, xüsusən də Zəngəzur dəhlizində əldə edilən hüquqların ləğvi layihəsidir.Hesab edirəm ki, bu layihə CHP-nin HDP ilə hərəkət etdiyini və Qarabağ Zəfərinin əleyhinə olduğunu xatırladır”.

Yavuz Subaşı xüsusilə vurğuladı ki, Türkiyə “Bir millət, iki dövlət” anlayışına uyğun olaraq, ağrılı günlərində Azərbaycanın yanında olub, xoşbəxt günlərində sevincini bölüşüb, hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq.

“Ona Kamal Kılıçdaroğlunun bilmədiyi bir şeyi xatırladıram: Türkiyə-Azərbaycan münasibətləri “Bir Millət, İki Dövlət” fəlsəfəsi üzərində qurulub və həmişə siyasətin üstündə olub. Verdikləri açıqlamalarda Kamal Kılıçdaroğlu və komandasının bundan xəbərsiz olduğu gün kimi aydın görünür. Prezidentliyə can atan bir siyasətçinin Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanı görməməsi, gözdən salması qəbuledilməzdir. Bu yanaşma Türkiyənin və Türk Dünyasının inkişafını, birləşməsini istəməyən imperialist güclərin yanaşmasıdır. Azərbaycansız “Türkiyə Yolu” layihəsi ola bilməz. Zəngəzur dəhlizinin ləğv ediləcəyi bir layihə qətiyyən qəbuledilməzdir və Türkiyənin qırmızı xəttidir. Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin xarici siyasətini mərkəzində Türkiyənin maraqları dayanır. Şərqdə, Qərbdə, Şimalda və Cənubda Türkiyədən bərabər məsafədə yerləşir, mərkəzdə yenə də Türkiyədir. Xüsusilə Azərbaycan, Türk Cümhuriyyətləri siyasətin üstündədir və Türkiyənin qırmızı xəttidir, əvəzolunmazdır”.

Yavuz Subaşı onu da qeyd etdi ki,Türkiyə xalqı mayın 14-də doğru seçim edərək Türk Dünyasının böyük idealarını məhv edəcəyini vəd edən, tamamilə xəyali olan bu layihələri zibil səbətinə atacaq.

GÜLBƏNİZ HÜSEYNLİ / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı