Evlilik yaşına çatmayan şəxslər nişanlana bilər? - Qanun nə deyir?

Günlərdir ki, sosial şəbəkə platformalarında 13 yaşlı qızla 37 yaşlı kişinin nişanlaması xəbəri müzakirə olunur. Bu məlumat yayıldıqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ailə ilə söhbət edib və nişan pozulub.

Son illər belə hadisələr ölkəmizdə daha çox yayılıb. Xüsusilə, məlumat sosial şəbəkə seqmentində yayıldıqdan sonra məsələ ilə bağlı hər hansı tədbirlər görülür.

Bəlkə də azyaşlıların özlərindən böyük şəxslərlə evləndirilməsi halları tez-tez baş verir. Biz isə sosial şəbəkələrdə gördüklərimiz qədər bilirik.

Ailə Məcəlləsinə görə, evlilik yaşı 18-dir. Yalnız xüsusi hallarda - üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilir.

Maraqlısı budur ki, azyaşlı qızları nişanlayan ailələr bu zaman özlərini haqlı çıxarmaq üçün qeyd edirlər ki, bu, sadəcə nişan mərasimidir. Evlilik isə qaydalara uyğun formada, yəni 18 yaşından sonra baş tutacaq. Qısası, ailələrin deməyindən belə çıxır ki, onlar hər hansı qanunu pozmayıblar.

Bəs Azərbaycanda nişanlanma ilə bağlı hər hansı hüquqi tənzimləmə varmı?

Metbuat.az-a danışan vəkil Anar Məmişov qeyd etdi ki, Azərbaycanda nişanlanma ilə bağlı hər hansı hüquqi tənzimləmə yoxdur:

"Nişanlanma prosesində hüquqi tənzimlənməsinin olması düzgündür. Çünki burada bir neçə məsələ var. Məsələn, nişan prosesində münasibət pozulduqdan sonra verilən əmlakla bağlı - hər hansı qızıl, zinət və s. əşyalarının qaytarılması ilə bağlı hər hansı qayda yoxdur. İkinci və əsas məsələ yaş məsələsidir. Nikaha daxil olmaqla bağlı Ailə Məcəlləsində müəyyən qaydalar var. Yaxın qohumlar - valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər, həmçinin yaşı çatmadıqda nikaha daxil ola bilməzlər. Amma nişanlanma prosesində belə qaydalar yoxdur. Cinayət Məcəlləsində qadının nikaha məcburi daxil edilməsi ilə bağlı məsələlər var. Nişanlanmaya məcburetmə olmadığı üçün həmin məsələ həll edilmir".

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Anar Məmişov

Onun sözlərinə görə, hüquqi tənzimlənmə ilə bağlı nişanla bağlı ayrıca fəsil ayrılmalıdır: "Nişanı gələcəkdə evlilik və ya digər şəxs arasında bağlanmış müqavilə kimi tanımaq olar. Yaş məsələsi, xəstəlik kimi nikahda olan qaydaları buraya da əlavə etmək olar. Həmçinin nişanlanmaya məcbur edilmə ilə bağlı müddəa əlavə edilə bilər".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı