Xətaidə içməli sudan qanunsuz istifadə halları aşkarlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Xətai rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlayıb.

Metbuat.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq Agentlik içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə kompleks tədbirləri davam etdirir. Xətai rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb. Rahib Məmmədov küçəsində yerləşən “Park Aile Çay Bahçesi” restoranın sayğacı olsa da, sudan qanunsuz istifadə edilib.

Belə ki, obyektin sayğacı özbaşına sökülərək birbaşa birləşmə verilib. Bundan əvvəl də obyektdə anoloji hal baş verib, dəymiş ziyan aktı tərtib olunub və su təchizatı dayandırılıb. Lakin obyektin icarədarı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq suyu talamaqda davam edib. Xətai Rayon Sukanal İdarəsinin əməkdaşları obyektin su təchizatını dayandırıb və yenidən dəymiş ziyan aktı tərtib olunub.

Cavanşir küçəsi, 15A ünvanında sahibkara məxsus “Nar çiçəyim” kafesi, “Təbriz market”, zoomarket, şirniyyat sexi, dönər, ət və balıq məhsullarının satışı obyektlərində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki əvvəllər bu obyektlərdə su sərfiyyatı bir sayğac əsasında aparılıb. Sonradan sayğac nasaz vəziyyətə düşüb, sahibkar onun yenisi ilə dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirməyib. Əvəzində yaxınlıqdakı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib.

Kazımağa Kərimov küçəsində yerləşən sexdə eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissəli ödəniş üçün güzəşt edilsə də, sahibkar nəinki bu imkandan yararlanıb, əksinə sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb və dəymiş ziyan aktı tərtib edilib.

Nəzarət tədbirləri zamanı aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunur, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunur.

Bu ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4 817 fakt aşkarlanıb və bunların 50-dən çoxu araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı