“Rusiya ilə Qərb arasında rəqabət Bakının maraqlarına uyğundur”

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən danışıqlarının sonuncu raundu tərəflər arasında münasibətlərin irəliləməsinə və bir sıra məsələlər üzrə mövqelərinin yaxınlaşmasına kömək etdi”.

Bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mayın 24-də keçirdiyi brifinqdə deyib. M. Zaxarovanın sözlərinə görə, N.Paşinyanın son bəyanatları Ermənistan daxilində mürəkkəb duruma səbəb olub.

"Ərdoğanın şansı az olsa da Ukraynadakı müharibəyə son qoymağa çalışır" -

Rusiya XİN sözçüsünün açıqlamasını şərh edən politoloq Kənan Novruzov hesab edir ki, Rusiyanın görüşü müsbət qiymətləndirməsi gözlənilən idi.

“Beləliklə, Moskva həm də öz “məharətini” göstərmək istəyir, uğurlu vasitəçi olduğunu deyir. Əvvəllər də dediyimiz kimi, Cənubi Qafqazda Rusiya ilə Qərb, o cümlədən Qərbin leytmotivi ABŞ arasında mübarizə gedir. Tərəflər bütün imkanları ilə bir-birilərini qabaqlamağa çalışırlar”.

K.Novruzovun qənaətinə görə, Vaşinqtonla Moskvanın Azərbaycan- Ermənistan münasibətlərinə, o cümlədən sülh müqaviləsinə yanaşmaları fərqlidir.

“Belə ki, Ağ Evi daha çox düşündürən iqtisadi maraqlardır. İqtisadi maraqların təmin olunması üçün regionda təhlükəsizlik təmin olunmalı, nəqliyyat-kommunikasiya xətləri açılmalıdır. Rusiya isə, əksinə, regionda “daşların yerinə oturmasında” o qədər də maraqlı deyil. Çünki Rusiyanın bölgədəki mövcudluğu ancaq gərginlik sayəsində mümkündür. Kreml bütün imkanları ilə təşəbbüsü əldən verməməyə çalışır. Çünki başa düşür ki, ABŞ-ın sülh məsələsində rolu artıqca həm də regiondakı təsir imkanları güclənir. Bu isə Rusiyanın strateji maraqlarına ziddir”.

Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə danışan politoloq qeyd etdi ki, Kreml ənənəsindən fərqli olaraq bu görüşdə müəyyən nəticələrin əldə olunmasına çalışacaq.

“Bu, ABŞ - ın vasitəçilik səylərini kölgədə qoymaq üçün Rusiyaya lazımdır. Düşünürəm ki, Kreml liderlerin görüşündən sonra müzakirələrdən razı qaldığını bildirəcək. Ümumiyyətlə, hazırda Kremlin vasitəçilik fəlsəfəsi təxminən belədir: bizim səylərimiz nəticəsində irəliləyiş təmin olunur, deməli, təmasları davam etdirmək lazımdır. Rusiyanın vasitəçilik səyləri səmimi deyil, amma bu dövlət məhz ABŞ amilinə görə səylərini davam etdirməyə və xüsusilə Azərbaycanı qane etməyə məcburdur. Əks halda Moskva moderatorluq rolunu tamamilə itirə bilər. Rusiya ilə Qərb arasındakı rəqabət fonunda yaranmış yeni şərait rəsmi Bakının maraqlarına uyğundur. Biz hər iki gücün "qabağa düşmək" cəhdlərindən istifadə edərək öz maraqlarımızı təmin etməliyik”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı