Dünya liderlərindən Prezidentə məktublar

Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməyə davam edir.

Metbuat.az onları təqdim edir:

Bruney Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da inkişafına ümid edirəm.

Allah-Taala Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq nəsib etsin!

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

***

Latviya Respublikasının Prezidenti Egils Levits Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Zati-aliləri!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, Azərbaycan Respublikasına və onun xalqına əbədi sülh və firavanlıq arzulayıram.

Latviya ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı marağa əsaslanan konstruktiv münasibətlər formalaşıb. Sizinlə Bakıda keçirilən son görüşümüzü və fikir mübadiləmizi, eləcə də bu ilin yazında Qlobal Bakı Forumunda iştirakımı ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, ikitərəfli və çoxtərəfli gündəliyimizin daha da inkişafı üçün biz bu müsbət ənənəni uğurla davam etdirəcəyik.

Bu gün Rusiyanın Ukraynaya qarşı müharibəsinin şahidi olduğumuz bir vaxtda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin fundamental prinsipinə əsaslanaraq beynəlxalq təhlükəsizliyi qorumaq üçün birgə çalışmaq həmişəkindən daha vacibdir.

Əminəm ki, biz birlikdə çalışmaqla xalqlarımızın sülh və təhlükəsizlik şəraitində inkişafını təmin edəcəyik.

Zati-aliləri, ən yüksək ehtiramımı bildirir, Sizə və Azərbaycan xalqına möhkəm cansağlığı və rifah arzulayıram".

***

Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.

Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təhlükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac yaradır.

Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edəcəkdir".


***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli İlham Heydər oğlu!

Sizi və bütün qardaş Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan Respublikası tərəqqi və dinamik inkişaf yolu ilə inamla irəliləyir, regional və beynəlxalq proseslərdə mühüm rol oynayır.

Son illər ərzində ölkələrimiz arasında münasibətlərin nəzərəçarpacaq dərəcədə fəallaşmasını, yeni məzmunla zənginləşməsini qeyd etmək fərəhlidir. Əminik ki, Türkmənistan və Azərbaycan Respublikası arasında dostluq, mehriban qonşuluq əlaqələri ümumi rifah naminə bundan sonra da artan xətt üzrə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, səadət, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı