İşləyib atasına məzar daşı qoyduran Elvinin yeni arzusu - FOTO

Sosial şəbəkələrdəki videosu ilə gündəm olan balaca Elvinin atasının məzar daşı hazırlanıb.

Metbuat.az xəbər verir ki, Gədəbəy rayonunun Slavyanka kəndindən olan Elvin Bizim.Media-ya danışıb. O deyib ki, hazırki arzusu evlərinə plazma televizor almaqdır. İndi bunun üçün çalışır.

1 saylı Slavyanka kənd tam orta məktəbinin 4-cü sinfində təhsil alan Elvin Yusibov qardaşı ilə birgə nənəsinin himayəsində qalır.

Valideynləri boşanandan sonra ana övladlarını tərk edib. Ata isə 5 ay əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Nənəyə sığınan iki qardaş ailəni ehtiyac içində qoymamaq üçün imkanlı şəxslərin yanında köməkçi kimi çalışırlar.

Qazandıqları pulu isə nənələrinə verirlər:

“Hər gün dərsdən sonra kəndin yaxınlığındakı Narzan bulağına gedirəm. Bulaqdan su götürənlərə kömək edirəm və onlar da mənə hörmət edir. Qazandıqlarımı isə nənəmə verirəm.

Tez-tez atamı xatırlayıram, bəzən yuxularıma da gəlir və onun üçün çox darıxıram. Çox şadam ki, əmilərimin, nənəmin və mənim az da olsa köməyimlə atamın məzarı hazırlandı. Hər gün onun ziyarətinə gedirəm”.

Xatırladaq ki, Elvinin görüntülərini jurnalist Mürvət Zalikoğlu lentə alıb. Sözügedən videoda Elvin atasının qəbir daşını hazırlatmaq üçün işləyib pul yığdığını bildirib.

Qeyd edək ki, Gədəbəy rayonu, Slavyanka kənd sakinləri 10 yaşlı Yusubov Elvin Elbrus oğlu və qardaşı 13 yaşlı Yusubov Emin Elbrus oğlunun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir.

Həmçinin nənələri (qəyyumları) Yusubova Fatma Bəşir qızına 327,2 manat yaşa görə pensiya ödənilir. Ümumilikdə ailəyə 567,1 manat aylıq sosial ödəniş edilir. Ailə ünvanlı sosial yardım üçün müraciət etməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı