İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla geniş tərkibdə görüşü keçirilib

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Sizin dövlət səfəriniz bizi çox məmnun edir. Şadam ki, prezident seçkilərindən qısa müddət sonra Siz Azərbaycana səfər edirsiniz. Bir daha sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.

Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız.

Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksəksəviyyəli rəsmilər bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq. Bir daha xoş gəlmisiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı