"Azərbaycan-Türkiyə dostluğu böyük sınaqlardan keçmiş əbədi dostluqdur" - Yücel Karauz

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şimali Kipr Türk Cümhuriyyətindən sonra Azərbaycana səfəri iki ölkə arasında ənənənin seçkilərdən sonra da davam etdiyinin göstəricisidir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib. Müsahibimiz hesab edir ki, bu səfərin sadəcə protokola görə baş tutduğunu demək düzgün olmazdı:

“İki ölkə lideri arasında reallaşan müzakirələrdə iki ili tamam olacaq Şuşa Bəyannaməsinin bu günə qədər hansı formada həyata keçirildiyi, geridə qalan məsələlər və bu Bəyannamədən irəli gələn digər xüsuslar barədə fikir mübadiləsi aparıldı. İkincisi, Türkiyənin Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması prosesinə töhfəsini qiymətləndirmək, sülh müqaviləsini ən qısa zamanda imzalamaqla bölgədə sülhün, iqtisadi sabitliyin, inkişafın təmin edilməsi istiqamətində görüləcək tədbirlər müzakirə mövzusudur. Hesab edirəm ki, iki ölkənin lideri arasında dünyada sürətlə böyük münaqişə, böhran və qeyri-müəyyənlik mühitinə regional və qlobal təhlükəsizlik problemləri, iqtisadi proseslər, hibrid müharibənin yeni gündəmə gətirdiyi məsələlərlə bağlı ortaq mübarizə üsullarını müəyyən etmək kimi vacib məqamlar da danışıqların predmetidir”.


Yücel Karauz xüsusilə vurğuladı ki, “Gülüstan” sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə təşkil edilən dövlət ziyafəti zamanı müğənni Azərinin “Çırpınırdı Qara dəniz” mahnısını səsləndirilməsi, o ifada 28 illik həsrətdən sonra Azərbaycan bayrağının Qarabağa sancıldığını deməsi və Prezidentlərin bu coşqunu ayaqda alqışlaması bu səfər zamanı yaşanan ən gözəl məqamlardan biri idi.

“Prezident İlham Əliyev mətbuata birgə bəyanat zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbəsi münasibəti ilə təbrik edərək, iki ölkə arasındakı qardaşlıq və birliyin bundan sonra da davam edəcəyini vurğuladı. Türkiyə-Azərbaycan qardaşlığı çox böyük sınaqlardan keçərək günümüzə qədər gəlib inkişafının zirvəsini yaşamaqdadır. Mən inanıram ki, birlikdə çıxdığımız bu yol əbədi davam edəcəkdir”, - deyə Yücel Karauz qeyd edib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı