Vəfat edən baş həkimin 44 min mənimsədiyi üzə çıxdı

İmişli Rayon Mərkəzi Xəstəxanasına ayrılmış büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı sabiq baş həkim Eynulla Qasımov və şirkət direktoruna cinayət işi başlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

İstintaqla həmin xəstəxananın baş həkimi Eynulla Qasımovun “Xanlar-Aysu” MMC-nin direktoru Xasməmməd Bayramovla əlbir olaraq dövlət büdcəsindən səhiyyə xərcləri üçün ayrılmış, eləcə də tibb müəssisələrində əsaslı təmir işlərinin həyata keçirilməsi üçün onlara etibar edilmiş 44 min manatdan artıq pul vəsaitini informasiya resursları və rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə dövlətə dəymiş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib, Eynulla Qasımovun ölümü ilə əlaqədar barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilib, Xasməmməd Bayramova isə Cinayət Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

“Xanlar-Aysu” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məlumatlar da daxil olmaqla cinayət işi baxılması üçün məhkəməyə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı