Ölkədə nadir xəstəliklər artır: Qohum evliliklərinə maraq niyə böyükdür?

Qohum evliliklərinin genetik xəstəliklərə yol açması və tibbi baxımdan zərərli olması hər kəsə aydın olsa da, ölkəmizdə nikahların böyük əksəriyyəti qohumlar arasındadır. Bəs ölkəmizdə qohum evllikləri qadağan oluna bilərmi?

Bu barədə Metbuat.az-a danışan millət vəkili Cavanşir Paşazadə bildirib ki, qohum evlilikləri daha çox kənd yerlərində olur, bəzən maddi imkansızlıq səbəbindən bu hallara yol verilir:

“Əvvəllər qohum evliliyinə maraq daha çox idi. Səbəb də o idi ki, ailə quran gənclərin qohumlar arasında seçiləcəyi təqdirdə bir-birlərini daha yaxşı anlayıb, xoşbəxt ola biləcəkləri düşünülürdü. Cəmiyyətdə gərginlik yaranıb. Adətən başqası ilə evlənəndə tərəflər arasında fikir ayrılıqları xoşagəlməz söz-söhbətlərə səbəb olur. Ona görə də insanlar yaxından tanıdıqları üçün daha çox qohuma meyil edirlər. Qohum evliliklərində mühüm rol oynayan faktorlardan biri də cehizin verilməsidir. Qohumlar bir-birilərini tanıyanda cehiz məsələsini öz aralarında rahat həll edirlər. Amma onlar düşünmürlər ki, gələcəkdə hansı təhlükələr yarana bilər. Bu addımı atan valideynlər özləri də dərk etmədən övladlarının gələcək ailə səadətini təhlükə qarşısında qoyurlar”.


Gənclərin qohum evlilikləri zamanı gələcək nəslin sağlamlığını düşünməli olduğunu deyən C.Paşazadə fikirlərinə əlavə olaraq dedi ki, hər zaman nəsil faktoru nəzərə alınmalıdır:

“Qohum evliliklərinin qarşısının alınması məqsədilə Milli Məclis tərəfindən Ailə Məcəlləsinə edilən dəyişiklik var. Biz bilirik ki, bu evliliklərdən doğulan uşaqlarda hemofiliya, talassemiya xəstəlikəri və bəzi pozğunluqlarla müşayiət olunan əqli geriliyin inkişafı baş verə bilir. İnsanlar bu addımı atan zaman onun genetik tərəflərini nəzərə almırlar. Bu elə bir bəladır ki, üç dörd nəsil sonra da ailədə hansısa doğulacaq uşağın genetikasında qüsur kimi meydana çıxa bilər. Əgər sevgi üzərinə qohum evliliyi qurulursa, mütləq şəkildə həm qız, həm də oğlan genetik analiz verib müayinə olunmalıdırlar. Ən azından, qabaqcadan lazımi tədbirlər görülə bilər. Ona görə də ailə quran gənclər bu kimi məsələləri mütləq düşünməlidirlər”.

Məsələnin sosial tərəfləri barədə Metbuat.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, bu məsələ əhalini tənqid etmək də düzgün deyil:

“Cəmiyyəti bu mövzuda günahlandıra bilmərik. Bu problem ilə bağlı maarifləndirmə işləri lazımı səviyyədə aparılmır. Əslində, din xadimləri də çox ciddi işlər görə bilərlər. Ziyalılarımız, bu sahənin mütəxəssisləri qohum evliliyinin yaxşı bir nəticəyə gətirib çıxarmayacağını, bu münasibətlərdən xəstə uşaqlar doğulacağını cəmiyyətə təlqin etməlidirlər. Müşahidələrim əsasında deyə bilərəm ki, bu uşaqların valideynləri də ömür boyu əzab-əziyyətə düşürlər. Biz insanlarımıza izah etməliyik ki, bunun qarşısı alınmasa, genetik xəstəliklərlə doğulan uşaqların sayı daha çox olacaq. Din xadimləri deyirlər ki, Allah əmi oğlu və əmi qızının nikahını göydə kəsib. Bu doğrudan gülünc haldır, haramdır. Çünki insan sağlamlığına ziyan gətirən nə varsa, İslamda haram sayılır. Əksinə, din xadimləri bu barədə heç düşünmək belə istəmirlər və daha çox baş verməsinə şərait yaradırlar”.

Bu elə bir təhlükədir ki, hələ bilmək olmur ki, neçə yaşında üzə çıxacaq. Böyük bəlanın içərisində olduğumuzu bilsək də, problemdən çıxış üçün uyğun qurumlar lazımı tədbirləri görmür. Hamı camaatı günahlandırır. Bu fəsadlardan xəbəri olmayan insanlar çoxdur, əlaqədar qurumlar maarifləndirmə işlərini elə qurmalıdırlar ki, problem gələcəkdə nəsilləri təhlükəyə salmadan həllini tapsın”.

Qohum evliliklərinin tibbi cəhətdən fəsadları barədə Metbuat.az-a məlumat verən həkim-ginekoloq Rəşad Sultan vurğuladı ki, qohum evliliklərindən yaranan hamiləliklərdə uşaqların qüsurlu olma ehtimalı yüksəkdir:

“Qüsurlar iki cür olur: Genlə əlaqədar olanlar və olmayanlar. Genlə əlaqədar olmayan qüsurların qohum evliliyi ilə əlaqəsi yoxdur. Əsas bizi narahat edən qohum evliliklərinin nəticəsində rast gəlmə ehtimalı qat-qat çox olan gen xəstəlikləridir. Çünki gen xəstəliklərinin biruzə verməsi üçün cüt genlərin hər ikisinin xəstə olması lazımdır. İnsan bədənində bütün maddələr mübadiləsində iştirak edən fermentləri genlər kodlaşdırır. Bədənimizdəki bütün genlər cütdür, yəni birində deffekt olanda qarşılığı onu kompensasiya edir. Hər birimizdə orta hesabla üç defektli gen var. Amma onun qarşılığındakı gen bunu kompensasiya etdiyimizə görə hamımız normal görünürük. Qohum evlilikləri zamanı hər iki cütlükdə olan nəsildən nəsilə ötürülən defekt gen bir-birinə ötürülür. Əmi, xala, bibi, dayı uşaqları aralarında evlənəndə bu qüsurların rastlaşma, qoşalaşma ehtimalı qat-qat artır. Beləliklə, bu səbəbdən qohum evliliklərində gen xəstəlikləri çox rast gəlinir. Ölkədə işini yaxşı bilən genetika mütəxəssisi də yoxdur ki, iki qohum gənc evlənən zaman müayinə və müalicə üçün müraciət etsinlər. Bu xəstəliklərin evlilik öncəsi araşdırılması da praktik olaraq mümkün deyil. Yaxşı olar ki, ailə quran zaman ümumiyyətlə qohum evliliyi seçimi edilməsin”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusu üzrə dərc olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı