Ombudsman Ermənistanın əsir götürdüyü hərbi qulluqçularımızla bağlı beynəlxalq ictimaiyyətə müraciət etdi

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Müraciətdə qeyd edilib ki, cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu saxta ittihamlarla azadlıqdan məhrum olunublar.

Bildirilib ki, bu müddət ərzində beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarına zidd olaraq onların müxtəlif işgəncələrə və pis rəftara məruz qalmaları Ermənistanın ölkəmizə qarşı etnik nifrət zəminində düşmənçilik siyasəti apardığını bir daha təsdiq edir:

"Bununla əlaqədar dəfələrlə müraciət olunmasına baxmayaraq, Ermənistan hakimiyyəti hərbi qulluqçularımıza qarşı qanunsuz qərarların qəbul edilməsinə rəvac verməklə beynəlxalq hüququn tələblərini növbəti dəfə kobud şəkildə pozub. Günahsız hərbi qulluqçularımıza münasibətdə qərəzli qərarların qəbul edilməsi və digər bu kimi təxribatçı addımların atılması iki ölkə arasında dayanıqlı sülhün təmin olunması istiqamətində aparılan danışıqları pozmaq məqsədi daşıyır. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad edilməlidirlər".

"Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) olaraq, yenidən beynəlxalq ictimaiyyətə müraciət edərək, əsir götürülməklə qanunsuz həbs olunmuş hərbi qulluqçularımızın tezliklə azad edilməsi üçün təsirli addımların atılmasını qəti şəkildə tələb edirəm", - müraciətdə vurğulanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı