"Yaxın günlərdə hərbi toqquşmalar ola bilər" - AÇIQLAMA

Son günlər Ermənistan ordusu Naxçıvan istiqamətində yerləşən mövqelərimizi intensiv şəkildə atəşə tutmaqda davam edir. Erməni mediasında isə Ermənistan ordusunun bütün sərhədboyu ərazilərdə 1 nömrəli hazırlıq vəziyyətinə gətirildiyinə dair məlumatlar var. İddialara görə, ermənilər Azərbaycan Ordusunun Kəlbəcər, Laçın və Naxçıvan istiqamətində cəmlənməyə başlayıblar.

Revanşistlərin Naxçıvanı hədəf seçməsinin səbəbləri barədə Metbuat.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Ermənistan tərəfi sülh sazişi imzalanması istiqamətində gedən danışıqların profilini dəyişərək, diqqəti sərhəddə baş verən proseslərə yönəltmək istəyir:

“Ermənistan tərəfi çalışır ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında problemləri çox qabardaraq sülh masası ətrafında oturmaqdan yayınsın. Eyni zamanda, atəşkəsin məhz Metallurgiya Zavodunun inşa edildiyi Arazdəyən istiqamətindən pozulması Azərbaycan tərəfini tərxibatlara cavab verməyə vadar etmək məqsədi daşıyır. Görünür, Ermənistanın orada çalışan xarici şirkət əməkdaşlarının həlak olmasından yararlanmaq niyyəti var.

Bu bir daha onu göstərir ki, Ermənistan yaxın perspektivdə inşa olunan Metallurgiya Zavodunu hərbi infrastruktura çevirə bilər. Bu da gələcəkdə fəaliyyət göstərəcək Zəngəzur dəhlizinə təzyiq vasitəsi kimi istifadə olunacaq”.

"Biz də Moskvanı "Moskoviya", Sankt-Peterburqu "Leninqrad" adlandıraq" -

Ədalət Verdiyevin fikirlərinə görə, Azərbaycan tərəfi erməni təxribatlarına çox uzun müddət yalnız adekvat cavab verməklə kifayətlənməyəcək. Çünki bu gün Ermənistan tərəfinin törətdiyi təxribatlar Azərbaycan üçün ciddi təhdidlər yaradır:

“Bu təxribatlara daha təsirli cavab vermək məcburiyyətindəyik. Təbii ki, bu addım Ermənistan üçün yaxşı heç nə vəd etmir. İrəvan təxribatlara son qoymasa, bu onun ordusu üçün baha başa gələcək. Hesab edirəm ki, yaxın günlərdə Ermənistanın istəmədiyi sülhün alternativi olan hərbi əməliyyatlar, lokal toqquşmalar başlaya bilər”.

Ermənistanın şərti sərhədlərimizdə, o cümlədən Laçında törətdiyi təxribatın Rusiyanın fəaliyyəti olaraq qiymətləndirilməli olduğunu hesab edən polkovnik Alp Arslan İmamqulu Metbuat.az-a bildirdi ki, Cənubi Qafqazdan çəkilmək istəməyən Rusiya mövcud vəziyyətdə Ermənistanın bir sıra siyasi dairələrinə etdiyi kimi, ordusuna da nüfuz etmək istəyir:


“Rusiya istədiyi vaxt, istədiyi istiqamətdə diktə edərək, belə əməllər törətməklə bölgənin sülh şansını aradan qaldırmaq və bir növ daima qarşıdurma yaradaraq rusiyalı sülhməramlılara ehtiyac olmasına zərurət şəraitini yaratmaq istəyir. Nikol Paşinyan bu gün Qərb dairələri ilə nə qədər əlaqədə olsa da, müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü ifadə etsə də, belə halların baş verməsi Azərbaycana tək seçim haqqı, irimiqyaslı antiterror əməliyyatlarının keçirilməsi imkanını verir.

Hesab edirəm ki, əməliyyatlar həm Qarabağda, həm də şərti sərhədlərimizdən kənarda mütləq olaraq olacaqdır. Çünki mövcud vəziyyət onu göstərir ki, təhlükəsizliyimiz risk altındadır. İstər Qarabağda, istərsə də digər bölgələrimizə yeni investorların cəlb olunması, insanlarımızın qayıdış planı çərçivəsində geriyə dönməsi, bunun təmin olunması üçün tam təhlükəsizlik əminliklə bərpa olunmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı